Müstəqillik simvolumuzun memarı erməni çıxdı

16 Oktyabr 2012 10:40 (UTC+04:00)


Şəhidlər Xiyabanı yaxınlığında, keşmişdə Kirovun heykəli yerləşən ərazidə hazırda Azərbaycanın simvollarından olacaq səkkizguşəli "Müstəqillik Ulduzu" adlı abidənin tikintisinə hazırlıq işləri başlayıb.
Qafqazinfo.az-ın məlumatına görə, abidə olduqca unikaldır və Bakının mənzərəsinə xüsusi gözəllik qatacağına heç bir şübhə yoxdur. Azərbaycanın gerbini simvolizə edən şüşədən qurulacaq çoxmərtəbəli monumentin üstü Bakının mənzərəsini göz önündə açan geniş səkkizguşəli meydana çıxır.

Abidədə Bakının ponaramını görməyə imkan verən şüşəli muzeylərin, restoranların fəaliyyət göstərməsi nəzərdə tutulur. Layihə müəllifləri Şəhidlər Xiyabanı, Alov Qüllələri və Teleqüllə ilə bərabər bu monumentin rənglər sisteminin Bakı gecələrinə xüsusi rəng qatan harmoniyanı tamamlayacağını hesablayıblar (ətraflı məlumat üçün bax: http://www.asadov.ru/!projects-rus.htm linki, 10-cu səhifə, 3-cü sırada).

Özlüyündə unikal layihə olan "Müstəqillik Ulduzu"nda təəccüblü məqam isə memarlar sırasında erməni mənşəli şəxsin olmasıdır.

Erməni Sapriçyan müəlliflikdən necə çıxdı

Ümumi sahəsi 1300 kv.m olacaq "Müstəqillik Ulduzu" abidəsinin müəllifləri A.Asadov, A.A.Asadova, D.Zrajevskiy və K.V.Sapriçyandır. Daha doğrusu, dünənə qədər – 15 oktyabr 2012-ci il tarixində, bu informasiya bizə daxil olanda və http://www.asadov.ru/!projects-rus.htm linkini açıb baxarkən müəlliflər sırasında Karen Vaçikoviç Sapriçyanın da adı vardı. Ancaq deyəsən, bu xəbərin mətbuata ayaq açdığını bilənlər Sapriçyanın adını Azərbaycanın "Müstəqillik Ulduzu" abidəsinin memarları sırasından 15 oktyabr tarixində çıxarıblar.

Sual da burdan yaranır: əgər Azərbaycanın simvollarından birinin layihələndirilməsində erməninin iştirakı "faciəvi faktdırsa", Sapriçyan niyə bu layihədə iştirak edir və adı dünənə qədər müəllif kimi göstərilirdi. Əgər burda narahatlıq üçün heç bir əsas yoxdursa, onda Sapriçyanın adı niyə 15 oktyabr 2012-ci ildə layihə müəllifləri sırasından "çıxarılır"?

Əlbəttə, ölkəmizin müstəqillik simvolunun layihələndirilməsində erməninin iştirakını gizlətmək, Sapriçyanın adını layihənin müəllifləri sırasından çıxarmaq gecikmiş, həm də uğursuz addımdır.

Sapriçyan kimdir

Layihə 2010-cu ildə hazırlanıb və 2 il müddətində Sapriçyanın adı müəllif kimi unikal layihələrdən bəhs edən bütün beynəlxalq saytlarda yazılıb. Ona görə də, erməni memarının adını bu layihədən tamam silmək mümkün deyil.

Üstəlik, Sapriçyanın adını "Müstəqillik Ulduzu" abidəsinin müəllifliyindən "uzaqlaşdıran"lar onun Asadovla uzun müddətdir bütün proyektlərə həmmüəlliflik etməsini də tarixdən "silməlidirlər".

Çünki 1959-cu ildə Moskvada anadan olan Sapriçyanın rəhbərliyi ilə 1999-cu ildə yaradılan "Proyekta KS" (Proyekta Koren Sapriçyan) təşkilatı ilk gündən Aleksandr Asadovla birgə fəaliyyət göstərir. Daha dəqiq desək, Sapriçyanın avtobioqrafiyasında xüsusi olaraq göstərilir ki, 1998-ci ildə Aleksandr Rafailoviç Asadovla tanışlıq və dostluqdan sonra erməni memar təşkilat yaradır və iki dost bütün proyektləri birgə hazırlayırlar (ətraflı məlumat üçün bax: http://ru.hayazg.info/)

Sapriçyan və Asadovun əsasən də Rusiyada apardıqları layihələndirmə işlərinin müəllif hüquqları hər iki şəxsə aiddir (əminlik üçün bax: http://www.proekt-ks.ru/projekts.htm)

Yeri gəlmişkən, K.Sapriçyanın "Müstəqillik Ulduzu" layihəsində iştirakını təkzib etmək üçün "redaktəyə" girişənlərdən xahiş edirik ki, gözdən qaçırdıqları bu linkə də baxsınlar: http://sos.archi.ru/agency/news_current.html?nid=23934. Yaddan çıxardıqları bu link Sapriçyanın "Müstəqillik Ulduzu"ndakı müəllifliyini "ələ verir".

Layihənin sifarişçisi

"Müstəqillik Ulduzu" layihəsinin sifarişçisi AİCON CPİT şirkətidir. Prezidenti Emin Nəsirov, meneceri İsrail Sideifzadə olan şirkət 1997-ci ildə qurulub. Şirkətin hüquqi ünvanı Heydər Əliyev prospekti 2 - ünvanı göstərilir. Nizamnamə kapitalı 100 min, illik dövriyyəsi 1,5 milyon manatdır (http://ssrb.ru/enterprise/?c=5&page=2&id=11880).

Layihənin sifarişçisi kimi, AİKON CPİT şirkəti "Müstəqillik Ulduzu"nun "memarları sırasından" Sapriçyanın adının 2 ildən sonra, 15 oktyabr 2012-ci il tarixində qəflətən pozulmasına aydınlıq gətirmək istəyərsə, böyük məmnuniyyətlə dərc etməyə hazırıq.


AzNews.az "Müstəqillik Ulduzu"nun fotolarını təqdim edir:


AzNews.az