Boksçumuz yarımfinala vəsiqə qazana bilmədi

23 İyun 2015 19:42 (UTC+04:00)


AzNews.az, Kristal Zalda keçirilən boks yarışlarında Azərbaycanı yarım-orta (60-64 kq) çəki dərəcəsində təmsil edən Yelena Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rayan Sandi ilə qarşılaşıb.

İlk raundda daha üstün boks nümayiş etdirən Yelena ikinci raundda bundan fərqli olaraq rəqibinə uduzub. Dünya çempionatının gümüş medalçısı olan Sandi üçüncü raundda da cəldliyi və dəqiq zərbələri hesabına üstünlüyünü qoruyub saxlaya bilib.

Sonuncu, dördüncü raundda da üstünlüyünü əldən verməyən britaniyalı boksçu qalib gələrək yarımfinala çıxıb.

Xatırladaq ki, bu gün çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova və kişi boksçumuz Albert Səlimov rəqiblərini məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə ediblər.

Qeyd edək ki, bu gün daha 3 boksçumuz rinqə çıxacaq. Saat 20:15-də birinci yarım-orta (64 kq) çəkidə təmsilçimiz Kollazo Sotomayor 1/4 finalda Rumıniya boksçusu Daniel Nikulesku ilə münasibətlərə aydınlıq gətirəcək.

Daha sonra yarım-orta (69 kq) çəkidə boksçumuz Pərviz Bağırov 1/4 finalda rinqdə Almaniya idmançısı Abas Barou ilə üz-üzə gələcək. Yarımfinala vəsiqəni təmin edəcək görüş saat 21:15-də başlayacaq.

Azərbaycan təmsilçilərindən bu gün ən sonda rinqə ağır (91 kq) çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev çıxacaq. Yarımfinala çıxmaq üçün o, Fransa təmsilçisi Pol Omba Bionqolonu yolundan kənarlaşdırmalıdır. Görüş saat 21:30-a planlaşdırılır.