Bakı Bəyannaməsi qəbul olundu

16 Oktyabr 2012 10:54 (UTC+04:00)


İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Sammitinin yekununa dair Bakı Bəyannaməsi qəbul olunub. APA-nın məlumatına görə, sənədin qəbulundan sonra ECO mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Müxtəlif sahədə elmi-tədqiqat işlərinə görə ECO mükafatı 8 ölkədən 24 nəfərə verilib. Azərbaycandan iqtisadiyyat sahəsi üzrə bu mükafat Asəf Nadirova təqdim olunub. Əldə olunan razılaşmaya əsasən, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti toplantısı gələn il Pakistanda keçiriləcək.

Sammitin bağlanış mərasimində çıxış edən prezident İlham Əliyev ECO-nun inkişaf edəcəyinə ümid etdiyini deyib: "Bizim təşkilatımız iqtisadi məsələlərə baxsa da, bu gün iqtisadi məsələləri geostrateji məsələlərdən ayırmaq olmaz.

Bizim ümumi səylərimiz ümumi uğurlara gətirəcək. Güclü iqtisadiyyat olmadan biz müstəqil ola bilməyəcəyik". Prezident bildirib ki, Azərbaycan sədr olaraq növbəti illərdə təşkilatın inkişafına öz töhvəsini verəcək. Bununla da İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı başa çatıb.

AzNews.az