AŞPA-da Azərbaycanla bağlı gərgin müzakirə

24 İyun 2015 00:00 (UTC+04:00)

Bu hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki demokratik təsisatlarının fəaliyyətinin öyrənilməsi və Assambleyanın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrinin yerinə yetirilməsi və onların dəyərləndirilməsi ilə əlaqədar hazırlanıb. Hesabat daha çox icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin tarazlığı, məhkəmələrin müstəqilliyi və seçki məsələlərini əhatə edib. Həmməruzəçilər Azərbaycan hökumətinin şəffaflığın təşviq edilməsi və korrupsiya, terrorizmin maliyələşdirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizəsindəki səylərini yüksək qiymətləndirib, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə təmin olunmuş sərbəst birləşmə və söz azadlığı hüquqları arasında tarazlığın yaradılmasına çağırıblar.

Bundan başqa, hesabatda 2014-cü ilin avqustunda Avropa Şurası baş katibi ilə Azərbaycan prezidenti arasındakı razılığa əsasən, İnsan Hüquqları üzrə birgə işçi qrupunun bərpa olunmasını müsbət qiymətləndirilir. Bu gün plenar iclasda keçirilmiş müzakirələrdə isə avropalı parlamentarlar Azərbaycandakı vəziyyətlə bağlı öz fikirlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan üzrə məsələnin AŞPA-nın plenar iclasdakı müzakirələrindən qabaq, hesabat artıq bu gün səhər saatlarında qurumun Monitorinq Komitəsində də müzakirəyə çıxarılıb. Komitə hesabata təklif edilmiş əlavə və dəyişiklikləri müzakirə edərək öz rəyini bildirib. Komitədə əsas müzakirələr hesabatın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi haqqındakı birinci paraqrafı - "Parlament Assambleyası Avropa İttifaqı, Türkiyə, İran Xəzər dənizi hövzəsindəki digər qonşuları, eləcə də Rusiya Federasiyası və ABŞ ilə tarazlaşdırılmış münasibətlər qurmağa cəhd edən Azərbaycanın geopolitik vəziyyətinin mürəkkəbliyini tanıyır. Azərbaycan müstəqil və çoxşahəli xarici siyasət aparmağa müvəffəq olub və buna, əsasən özünün mühüm enerji ehtiyatları və Xəzər dənizi üstündəki strateji yerinin sayəsində nail olub. Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır" - ətrafında aparılmışdı. Erməni tərəfi və onları müdafiə edən bəzi avropalı deputatlar bu paraqrafın tam şəkildə və yaxud onun işğala aid son cümləsinin sənəddən çıxarılmasını və ya son cümlənin "...hakim olan Dağlıq Qarabağ münaqişəsinin nəticələri" cümləsi ilə əvəz olunmasını tələb edən əlavə və dəyişikliklər irəli sürüblər. Monitorinq Komitəsinin iclasındakı səsvermələrdə 22 səs lehinə, 21 səs əleyhinə olmaqla yuxardakı paraqrafın sonuncu cümləsinin çıxardılmasını nəzərdə tutan 3 nömrəli dəyişiklik komitə tərəfindən təsdiq olunub. Xatırladaq ki, prosedura uyğun olaraq həmin iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ olmayıb.

Plenar iclasda da ən çox müzakirə edilən məsələ bu paraqraf ətrafında aparılıb.

Plenar iclasda ilk çıxış edən Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt bu hesabatın hazırlanmasının çox mürəkkəb olduğunu deyərək, Avropa Şurası və AŞPA-nın prinsip və dəyərlərinə uyğun hazırladıqlarını bildirib: "Bu dəyərlərdən olan ölkələrin ərazi bütövlüyü məsələsinə də xüsusi diqqət ayırmışıq"

P. Aqramunt çıxışında qeyd edib ki, ölkələrin ərazi bütövlüyünə riayət edilməməsi ortalıqda olan problemlərin həll olunmasına gətirib çıxarmayacaq.

Polşalı həmməruzəçi Tadeuş İvinski isə Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb və Azərbaycan ərazilərinin 20% Ermənistan tərəfindən işğal edildiyini, Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkün olduğunu deyib.

"Bu bizim xoşumuza gəlsə də, gəlməsə də, biz bu işğal faktını qeyd etməliyik"-deyə həmməruzəçi bildirib.
T. İvinski bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini təsdiqləyən qərar qəbul etdiyini xatırladıb.

Çıxış edən hollandiyalı deputat Tini Koks Azərbaycanın Avropa Şurası dəyərlərindən uzaqlaşdığını iddia edib. Makedoniyalı deputat Nikoloski Aleksandar və türkiyəli millət vəkili Egemen Bağış öz çıxışlarında hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi maddəsinin hesabatda saxlanılmasının vacibliyini bildiriblər. Hər iki deputat AİHM-nin son qərarını misal gətirərək, Ermənistanın Azərbaycan əraziləri üzərində effektiv nəzarət etdiyini söyləyib.

Egemen Bağış Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi mühüm tarixi bir hadisə kimi dəyərləndirərək, Azərbaycanın Avropa üçün vacib bir ölkə olduğunu bildirib.

Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropada Azərbaycanı istəməyən qüvvələri, bu ölkəyə hər cür ləkə atmağa çalışanları ittiham edibş O qeyd edib ki, "bu, məhz indi, Azərbaycanın Avropa Oyunlarını keçirdiyi vaxtda edilir".

Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrex isə bu ölkə ilə 9 il işlədiyini bildirib: "Mən anlaya bilmirəm, o qədər postsovet ölkəsində problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos lazımdır, yoxsa stabil bir ölkə?"

"Biz Azərbaycanla işlədikdə elə qüvvələrlə rastlaşmışıq ki, onlar bizimlə söhbətlərində bu ölkədə hökuməti devirməyə çağırışlar edirdilər. Məgər Avropa Şurası belə fikirlərin müdafiəçisidirmi? Azərbaycandan bu gün Qərbi Avropadakı demokratiyanı həmən olmasını gözləməməliyik. Biz bu ölkəyə demokratiyanın inkişaf etdirilməsində öz yardımımızı göstərməliyik" deyə J.Qrex qeyd edib.

Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə AŞ PA üzvlərindən "Dağlıq Qarabağda öldürülən, qanunsuz saxlanılan azərbaycanlıların hüquqları haqda nədən danışmadıqlarını" soruşub.

O deyib ki, avropalı deputatlar öz ölkələrində olan insan hüquqları pozuntularını görmürlər, amma başqalarını tənqid edirlər: "Bu gün bizi tənqid edənlərin öz ölkələrində insan hüquqları pozulur".

S. Seyidov deyib ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə riayət etmək üçün əlindən gələn hər bir şey edir: "İşğal edilmiş ərazilərin artıq fakt kimi qəbul olunması bu məsələni təsdiqləyir. Siz isə Dağlıq Qarabağın işğalına dair müddəaları ləğv etməyə cəhd edirsiz".

Çıxış edən avropalı deputatların bəziləri də Azərbaycanın çox həssas və mürəkkəb geopolitik vəziyyətdə olduğunu bildirərək, bu ölkədə stabillik, dünyəvilik prinsiplərinin hökm sürdüyünü xüsusi qeyd ediblər.

Ermənistan nümayəndə heyətinin üzvü Hovannisyan Arpin Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonunun Ermənistan tərəfindən işğal olunması terminologiyasının "indiyə kimi heç bir beynəlxalq sənəddə əks edilmədiyini" bildirib. O, Assambleyanı bu ifadəni işlətməməyə çağırıb.

Onun çıxışından dərhal sonra söz alan ispaniyalı deputat Diaz Teyera isə Azərbaycan ərazilərinin işğal olunması faktının BMT-nin 4 qətnaməsi və AŞPA-nın qətnamələrində əks olunduğunu bildirib. "Fikrimcə, bu müzakirələrdə ərazi bütövlüyü məsələsi elə ən vacib məsələlərdəndir. Krımdan danışarkən deyirik ki, anneksiya olub, Dağlıq Qarabağın işğal edilməsinin bircə fərqi bunun 20 il bundan əvvəl baş verməsidir. Nə vaxt baş verir versin, işğal elə işğaldır".

Daha sonra müzakirə bitib və hesabata təklif edilən 32 dəyişiklik səsverməyə çıxarılıb.

Səsvermə nəticəsində hesabata təklif edilən "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə..." cümləsi "Dağlıq Qarabağ münaqişəsi barədə.." cümləsi ilə əvəz olunub.

Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə paraqrafın çıxarılması ilə bağlı təklifin müəlliflri Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qros, Röne Ruke və erməni deputat Hovannisyan Arpin olub.