“Partiyalar sponsor tapmalıdır”

16 Oktyabr 2012 11:17 (UTC+04:00)


"Bu məbləğ Yeni Azərbaycan Partiyasına (YAP) parlamentdə təmsilçiliyə görə verilir". AzNews.az-ın məlumatına görə, bunu YAP-çı deputat Aydın Mirzəzadə jurnalistlərə açıqlamasına deyib.

Onun sözlərinə görə, qanunda göstərildiyi kimi deputat yerlərinin sayına görə partiyalar maliyyə vəsaiti ilə təmin edilir: "Bu vəsait partiyaların əsas deyil, əlavə gəlir mənbəyidir. Partiyalar maliyyələrini ilk növbədə üzvlük haqqından əldə edir. Dövlət maliyyəsi isə əlavə vəsait kimi götürülür.

Təəssüf edirəm ki, bəzi partiyalar bu vəsaitə yeganə gəlir mənbəyi kimi baxır. Bir deputat yeri olan partiya belə ildə 100 min manatdan çox maliyyə yardımı ala bilər. Bu isə ayda 10 min manat edir. Bu kifayət qədər böyük məbləğdir. YAP-ın 70-dən çox deputatı var. Bu da ona əsasən hesablanır. Əgər hansısa partiyalar bu vəsaitin azlığından narazıdırlarsa, parlamentdə öz təmsilçilərinin sayını artırmalıdır".

Millət vəkili qeyd edib ki, partiyalar əsas diqqəti dövlətdən ayrılan yardıma deyil, üzvlərin sayının artırılmasına, sponsorların tapılmasına yönəltməlidirlər: "Hansısa ölkədə, sadəcə, qeydiyyatdan keçən partiyalara yardım ayrılmır. Bunun mexanizmini də bilmirəm. Azərbaycanda bu yardım demokratik göstəricilərə əsasən aparılır. "Siyasi partiyalar haqqında" qanunda maliyyə yardımı ilə bağlı dəyişiklik konkret hansısa partiyalar üçün deyil, ümumilikdə partiyalar sistemi üçün nəzərdə tutulub.

İlkin Pirəli
AzNews.az