Rusiya və Ermənistandan Azərbaycana qarşı layihə
16 Oktyabr 2012 16:35 (UTC+04:00)
Rusiya və Ermənistan yeni ortaq layihə üzərində iş aparır. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflər birgə Fövqəladə Hallar Mərkəzi yaratmaq niyyətindədirlər. Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Naziri Vladimir Puçkuv erməni nümayəndə heyəti ilə görüşdən sonra səsləndirib.
O, bildirib ki, biz erməni nümayəndə heyəti ilə lazımi məsələləri müzakirə etdik və bu istiqamətdə işçi qrup da yaradılıb. Puçkov mərkəzin fəaliyyətinə də toxunub və bildirib ki, yeni mərkəz fövqəladə vəziyyətlərdə ölkələr arasında yardımlaşmanı asanlaşdıracaq. "Biz bu mərkəzi yaratmaqla istənilən fövqəladə vəziyyətə tez və effektiv reaksiya verə biləcəyik. Mərkəzin maddi texniki bazası da yüksək səviyyədə qurulacaq".
Qeyd edək ki, belə bir mərkəzin Rusiya ilə birgə yaradılmasını Ermənistanın müharibəyə hazırlığı kimi də qiymətləndirmək olar. Daxili resursları məhdud olan Ermənistan fövqəladə vəziyyətlərdə də Rusiyaya bel bağlayır.
Sadiq Musa
AzNews.az