Berti Foqts: “Rusiya yığması layiqli qələbə qazandı“

16 Oktyabr 2012 18:12 (UTC+04:00)
"Rusiya yığması layiqli qələbə qazandı. Onlar fiziki cəhətdən Azərbaycandan güclü idi". Trend-in məlumatına görə, bunu Rusiya-Azərbaycan oyununun yekununa dair keçirilən mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Foqts deyib ki, Azərbaycan yığması oyunda uzun müddət hesabı saxlaya bildi. "Adi səhv ucbatından qol buraxıldı. Rusiya yığmasına uğurlar arzulayıram", - o bildirib. Jurnalistlərin suallarını cavablandaran Foqts deyib ki, ilk 15 dəqiqə yaxşı oynadıq. "Lakin sonradan komanda üzvləri passiv oyun nümayiş etdirdilər", - o deyib.

"11 metrlik cərimənin olub-olmadığını görmədim. Əgər hakim 11 metrlik cəriməni göstərdisə, demək o artıq qərarı verib. Səhv etdik və nəticədə qol buraxdıq", - baş məşqçi dedi.

"Son iki oyunda Azərbaycan millisi bir dənə də olsun təhlükəli vəziyyət yarada bilməməsinin səbəbi nədir?" sualına cavabında Foqts bildirib ki, hər iki oyunda komandamızın rəqibi Portuqaliya və Rusiya kimi güclü komandalar olub.
Almaniyalı baş məşqçi deyib ki, Rusiya yığmasında hələ inkişaf mərhələsi davam edir.

Onun sözlərinə görə, Rəşad Sadıqovun oyunda olmaması görüşdə elə də hiss olunmadı. Çünki müdafiədə Ruslan Abuşov və Levin öz mövqelərində layiqli oynadılar.

AzNews.az