Xarici qonaqların l Avropa Oyunları haqqında fikirləri
29 İyun 2015 12:36 (UTC+04:00)
Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Avropa Oyunlarının hər dörd ildə bir dəfə, ilk yarışların isə 2015-ci ildə keçirilməsi qərarlaşdırıldı. Çoxsaylı tədbirləri yüksək səviyyədə təşkil edən, idman ölkəsi kimi dünyada nüfuz qazanan Azərbaycan da həmin vaxt bu oyunlara ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü. Ölkəmizdə müasir idman infrastrukturunun yaradılması, sabitlik və davamlı iqtisadi inkişaf, olimpiya oyunlarında idmançılarımızın nailiyyətləri nəzərə alınaraq, Azərbaycanın bu namizədliyi qeydə alındı. 2012-ci ildə Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edildi. Beləliklə də ölkəmiz Avropa məkanında ilk dəfə keçiriləcək Bakı-2015: I Avropa Oyunlarına ev sahibliyi etmək üçün hazırlıqlara başladı.
17 gün davam edən elit idman yarışları
Cəmisi 2 il yarım ərzində ümumilikdə 21 idman infrastrukturu yarışlara hazır vəziyyətə gətirildi ki, onlardan da Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Milli Gimnastika Arenası, Atıcılıq Mərkəzi, Velopark kimi yeni idman qurğuları tikilib istifadəyə verildi. Dünyanın 50 ölkəsindən 20 idman növü üzrə 6 mindən çox idmançının yarışlar müddətində ölkəmizdə yerləşdirilməsi, onarın idman-məşq hazırlıqlarının təşkili üçün də lazımlı tədbirlər həyata keçirildi. Paytaxt şəhərin mərkəzi ünvanlarından sayılan Heydər Əliyev Prospektində - Bakı Olimpiya Stadionunun və "Koroğlu" metrostansiyasının yaxınlığında idmançılar üçün ən müasir tələblərə cavab verən atletlər kəndi salındı. Atletlər vaxtlı-vaxtında təlim-məşq toplantılarına, yarışlara çatdırıldı. 17 gün davam edən elit idman yarışlarını izləmək, oyunların keçirildiyi mübarizə meydanlarından reportajlar, Azərbaycan reallıqları barədə yazılar hazırlamaq üçün xarici jurnalistlərin akreditasiyası da heç bir problem yaşanmadan həyata keçirildi. I Avropa Oyunlarının iyunun 12-də baş tutan açılş mərasimindən başlamış 28 iyun bağlanış mərasiminə kimi əcnəbi jurnalistlər heç bir çətinlik çəkmədən öz peşə fəaliyyətlərini lazımınca yerinə yetirə bildilər.
Bundan sonrakı yarışların da rəmzi start nöqtəsi
Beləliklə, Azərbaycan beynəlxalq əhəmiyyətli daha bir tədbirə yüksək səviyyədə, heç bir nöqsan olmadan ev sahibliyi etməyi bacardı. Ölkəmiz I Avropa Oyunlarını dünyaya təqdim etməklə təşkilatçılıq potensialını nümayiş etdirə bildi. Oyunlar başlamazdan öncə Azərbaycanın təşkilatçılıq məsələlərinə görə dünya rekorduna imza atdığını bəyan edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki ilk qitə miqyaslı Oyunların təşkilatçısı olan ölkəmizin bundan sonrakı yarışlarının da rəmzi start nöqtəsi olacağını bildirib.
O, Bakının Avropa Oyunlarının tarixində əbədi rol oynayacağını xatırladaraq, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəlinin paytaxtımızda yandırılacağını vurğulayıb: "Təşkilatçılıq, qonaqpərvərlik, könüllülərin işi çox gözəl idi. Müxtəlif oyunlarda, məkanlarda olmuşam. Burda heç bir şikayət eşitməmişəm. İdmançılar xüsusilə Atletika Kəndini bəyənirlər. Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq. Burdakı yarış gələcək namizədlər üçün böyük təcrübə olacaq. Bütün bunları nəzərə alaraq mən inanıram ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına da hazırdır".
Azərbaycan tarix yazdı
Azərbaycanda səfərdə olan Bolqarıstan prezidenti Rosen Plevneliyev də Bakıda keçirilən I Avropa Oyunlarının əhəmiyyətindən danışarkən, tarixdə ilk dəfə baş tutan bu Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edib, yüksək səviyyədə təşkilatçılığa görə dövlət başçısına bolqar xalqının təşəkkürünü çatdırıb. R.Plevneliyev onilliklər ərzində ideya kimi qalan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın tarix yazdığını bildirib.
Bolqar idmançıların Bakıda onlar üçün yaradılan şəraitdən heyran olduqlarını, bu şəraiti heç bir yerdə görmədiklərini deyən Bolqarıstan dövlətinin başçısı idmançıların yaşayış yerlərinin, idman infrastrukturunun çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Gülərüzlü insanlar ölkəsi, odlar diyarı, küləklər şəhəri
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic isə Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın I Avropa Oyunlarına qüsursuz, yüksək səviyyədə ev sahibliyi etməsindən məmnunluq duyduğunu dilə gətirib. O, Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin birinci Avropa Oyunlarının təşkili işinə verdiyi dəstəkdən şərəf hissi duyduğunu dilə gətirib: "Avropa Oyunlarının təşkilindəki xidmətlərinə görə Azərbaycan Prezidentinə çox minnətdarıq. Azərbaycan xalqının əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi, Bakı küləklər şəhəridir.
Lakin mən buraya "gülərüzlü insanlar ölkəsi" ifadəsini də əlavə etmək istərdim. Bütün həyatım boyu bu qədər gülərüzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq".
Verilən vədlərdən daha yüksək səviyyədə təşkilatçılıq
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin, eyni zamanda Bakı-2015 I Avropa Oyunlarının koordinasiya sədri Spiros Kapralos da təşkilatçılıqdan razılığını dilə gətirib. O, verilən vədlərdən daha yüksək səviyyədə təşkilatçılıq izlədiklərini bəyan edib. S.Kapralos Oyunların uğurunun həm də innovasiyalarla bağlı olduğunu vurğulayıb: "Bizdə hətta paralimpiya növü üzrə yarış da keçirildi. 16 idman növünün 12-də Olimpiya təsnifatları baş tutdu. Oyunların mərkəzində əlbəttə ki, idman dururdu. Biz insanlara göstərməyə çalışdıq ki, Azərbaycan xalqı üçün bu Oyunlar çılğın keçirildi.
Növlərin birində Amerika rekordu yenilənib. Bu yarışları izləmək çox maraqlı idi. Həmçinin, yeni idman növlərində yarışlar izlədik. Sponsorlar üçün də maraqlı idi. Gözəl açılış və bağlanış mərasimləri oldu. Burdakı bəzi məsələlər gələcəkdə Olimpiya Oyunlarında da tətbiq edilə bilər. 50 ölkədən 42-si medal qazandı. Bu, idmanın inkişafı baxımından çox önəmlidir. Bəzi idmançılar ola bilsin ki, Olimpiya Oyunlarında iştirak etməyəcəklər. Amma gəlib Avropa Oyunlarında iştirak etdilər, bu təcrübəni yaşadılar. Hazırda bu Oyunların təhlilini aparırıq. Bu təşkilatçılıqdan müəyyən dərslər götürüb, gələcəkdə Olimpiya Oyunlarında tətbiq edəcəyik". S.Kapralos Azərbaycanın Avropa Oyunları üçün inşa edilən idman qurğularına ehtiyacının olduğunu söyləyib. Bildirib ki, gələcəkdə də Azərbaycanda böyük turnirlər, o cümlədən şahmat, cüdo üzrə yarışlar, Avro-2020-nin oyunlarının keçiriləcəyini xatırladıb. Deyib ki, bütün yaradılanlar ölkə gəncləri üçün möhtəşəm sərmayədir.
Fəal tamaşaçı dəstəyi
Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov I Avropa Oyunlarının uğurlu alındığını, yarışların maraqlı mübarizə şəraitində keçdiyini və yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
O, Rusiya Olimpiya Komitəsi adından azərbaycanlı həmkarlarını ilk Avropa Oyunlarını uğurla keçirilməsi münasibətilə təbrik edib: "Bütün yarışlar ən yüksək səviyyədə təşkil edildi. Misal üçün, Bakıdakı arenaları London Olimpiadasının idman qurğuları ilə müqayisə edərdim. Çox gözəl idman obyektləri inşa olunub, arenalarda ab-hava möhtəşəm idi və könüllülər çox yaxşı çalışırdılar. Arenalarda tribunalar tam dolu idi və tamaşaçılar fəal şəkildə dəstək nümayiş etdirirdilər".
Bakıdakı Avropa Oyunları həmişə yaddaşlarda qalacaq
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer isə Bakıda I Avropa Oyunlarının uğurlu təşkil edilməsindən danışarkən, yaradılan infrastrukturu yüksək qiymətləndirib və deyib ki, Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər. O, I Avropa Oyunlarında təşkilati məsələlərlə yaxından maraqlandığını, hər hansı qüsura, çatışmazlığa rast gəlmədiyini söyləyib:
"Hər şey yüksək səviyyədədir. İlk olduğuna görə düşünürəm ki, Bakıdakı Avropa Oyunları həmişə yaddaşlarda qalacaq. Bakıda olduğumuz 20 gün ərzində heç bir ciddi neqativ halla rastlaşmadıq. Müşahidələrimiz onu deməyə əsas verir ki, Avropa Oyunlarında cüdo yarışları da yüksək səviyyədə təşkil olunub".
Olimpiya Oyunlarını qəbul etmək üçün hər cür şans var
Avropa İttifaqının Azərbaycandakı keçmiş səfiri Roland Kobia da Avropa məkanında ilk dəfə keçirilən Oyunlara yüksək səviyyədə ev sahibliyi edilməsindən, yarışların yaxşı keçməsindən danışıb: "Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib. Yarışlara xeyli sayda azarkeşlərin gəlməsi və onların nikbinliyi çox xoşuma gəldi. Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək istəyirsə, rəqabətə hazır olmalıdır. Hesab edirəm ki, olimpiadanı keçirmək üçün ölkənin hər cür şansı var".
Yekun olaraq xatırladaq ki, son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq idman tədbiri yüksək səviyyədə keçirilib. I Avropa Oyunları da öz təşkilatçılığına, möhtəşəmliyinə görə onların sırasına əlavə olundu. Bütün bunları nəzərə alaraq, inanırıq ki, 2016-cı il Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışları, Şahmat Olimpiadası, 2017-ci il İslam Həmrəylik Oyunları da Bakıda yüksək səviyyədə keçiriləcək, idman ölkəsi kimi Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaqdır. (Azadinform)