“Əgər kreditlər silinərsə, …” – Fazil Mustafa

29 İyun 2015 14:52 (UTC+04:00)

Son günlər sosial medialarda yayılan məlumata görə, ölkə prezidenti humanist addım ataraq problemli kreditlərin silinməsi ilə bağlı sərəncam imzalayacaq.

Hələ öz təsdiqini tapmayan bu informasiya bir çox siyasətçilər və iqtisadi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Millət vəkili Fazil Mustafa kredit borclarının silinməsini Azərbaycan vətəndaşlarının vəziyyətinin yüngülləşdirilməsi üçün düşünülə bilən bir addım hesab edib.

O, AzNews.az-a açıqlamasında deyib ki, Azərbaycan vətəndaşlarının aztəminatlı hissəsinin xeyli problemləri var: "Banklara borclu olan vətəndaşların sayı günü-gündən artmaqdadır. Ona görə də bu məsələlərə çözüm gətirilməlidir. Hər halda bu məsələdə elə variant seçilməlidir ki, bu, ən azı daha yoxsul insanları əhatə edə bilsin. Əgər bu, baş verərsə, vətəndaşların vəziyyəti müəyyən dərəcədə yüngülləşmiş olar".

AzNews.az
Bahar RÜSTƏMLİ