Mərkəzi Bankdan komissiya haqqı tələsinə zərbə – İqtisadçı şərhi

30 İyun 2015 13:03 (UTC+04:00)
İqtisadçı-ekspert Vüqar Bayramov Mərkəzi Bankın bu qərarını AzNews.az-a şərh edib. Bildirib ki, uzun müddət komissiya haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metod olub: "Bəzi kommersiya bankları hətta 8-10 faizlik komissiya haqları təklif edirdilər. Bankların "faiz tələsi" əslində çox sadə idi: banklar faizi elan edirdilər, amma komissiya haqlarının faizini bildirmirdilər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komissiya haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirdi. Bu zaman müştəri iki sənədə qol çəkirdi - 540 manatlıq kreditin alınması və 40 manatlıq komissiya haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilirdi. Buna baxmayaraq kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanırdı. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olurdu. İndi isə vəziyyət fərqli olacaq, 500 manatlıq kredit götürən şəxs cəmi 5 manat komssiya haqqı ödəyəcək. Bunu isə kredit formasında deyil, birbaşa nağd şəkildə edə bilər ki, bu da imkan verəcək ki, faizlər kreditin öz, əsas məbləğindən 500 manatdan hesablansın. Deməli, bu halda nominal və real faizlər eyni olacaq və praktik olaraq müştəri aldadılmayacaq".



Bəs yeni qaydalar nəyi dəyişəcək?

V.Bayramovun sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komissiya haqqları tətbiq edilir. Bəzi ölkələrdə isə belə haqqlar ümumiyyətlə yoxdur: "Bu baxımdan, ölkəmizdə də oxşar praktikanın tətbiq edilməsi vacib idi. Bəs, yeni qaydalar nəyi dəyişəcək? Əvvəla, bu banklara imkan verməyəcək ki, kredit götürən vətəndaşlar üçün fərqli və daha yüksək faizlər hesablasınlar. İkincisi, komissiya haqqlarının məhdudlaşdırılması real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Ücüncüsü, artıq bankların ucuz və aldadıcı reklam kampaniyalarına son qoyulacaq. Nəhayət, kredit üçün banka müraciət edən şəxs öncədən öz xərclərini dəqiq hesablaya biləcək".

Ekspert bildirib ki, kommissiya haqqları üçün tavanın müəyyənləşdirilməsi Mərkəzi Bankın göstərişi olduğu üçün bütün bankların buna qeyri-şərtsiz əməl etməlidirlər: "Müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizdən artıq haqq hesablamasınlar. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var".

Nigar ETİBAR