Etirazçılardan Sarkisyana sərt xəbərdarlıq - VİDEO

5 İyul 2015 18:41 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, İrəvanın mərkəzində toplaşan aksiya iştirakçıları yerlərini dəyişməyə qərar veriblər. Etiraz səslərini yüksəldənlər sabah axşama kimi hökumətə vaxt veriblər.

Nümayişə toplaşanlar deyiblər ki, iyulun 6-sı axşam saatlarına qədər tələbləri yerinə yetirilməzsə, onlar "İrəli Addımla" aksiyasına start verəcəklər.

Aksiya iştirakçıları irəli addımlarla Baqramyan prospektindən prezident sarayının qarşısına keçəcəklər və etirazlarını orada davam etdirəcəklər. Etirazçıların bu ultimatumuna Ermənistan polisi də reakisiya verib.

İrəvanın polis rəisi deyib ki, hüquq-mühafizə orqanları fəalların belə bir addımına qətiyyən icazə verməyəcək.

Bu arada Ermənistanın Xüsusi İstintaq Komitəsinin yaydığı məlumata görə, İrəvanda keçirilən etiraz aksiyalarının dağıdılmasında iştirak edən polislərə qarşı cinayət işi açılıb.

Hüquq-mühafizə orqanları əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda, zorakılıqda və jurnalistlərin professional fəaliyyətinə mane törətməkdə ittiham olunurlar.

Bununla belə 21 iyunda start götürən aksiyanın iştirakçıları Sarkisyan "Talana son" qoymalıdır kimi şüarlar səsləndiriblər.

Etirazçılar İrəvan küçələrində elektrik enerjisinin qiymətinin artırılması barədə qərarın ləğvini tələb edirlər. Etirazlar ərəfəsində qiymətlərin bir qədər aşağı salınmasına baxmayaraq etirazçılar sakitləşmirlər.

Fəallar qərarın ümumiyyətlə ləğvini tələb edirlər. Etirazçıların sayı azalsa da, onlar Baqramyan prospektini boş qoymaq niyyətində deyillər.