100-ə yaxın yerli şirkət dolları müzakirə edəcək – Qapalı görüş

6 İyul 2015 11:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 100-ə yaxın şirkətin marketinq, PR (ictimaiyyətlə əlaqələr), reklam mütəxəssisi şəhər restoranlarından birində ənənəvi toplantılarını keçirəcəklər. Bu yığıncaqdan sonra ölkədə bir neçə böyük şirkətin birlikdə layihələr həyata keçirməsi gözlənilir.

Belə ki, ölkənin marketerləri artıq 5 ildir ki, Ramazan ərəfəsində bir araya gəlir və marketinq, PR, reklam sahələrində gedən prosesləri müzakirə edir, problemlərdən birgə həll yolları axtarırlar. Hər il bu cür görüşlərdən sonra həmin mütəxəssislər vasitəsilə şirkətlər arasında müxtəlif əməkdaşlıqlar başlayır.

Həmin mütəxəssislər sosial şəbəkədə yaratdıqları qapalı qrupla ölkədəki ən böyük qeyri-rəsmi marketerlər birliyini qurublar. Qapalı formada aparılan müzakirələrlə ölkənin marketinqində mühüm qərarlar qəbul edilir və layihələr həyata keçirilir.

Ekspertlər ildə bir neçə dəfə böyük bayramlardan səbəb kimi istifadə edərək bir araya gəlir və mövcud problemləri bayram əhval ruhiyyəsində həll edirlər. Bu dəfəki toplantının qeyri-rəsmi mövzusunun dollar məzənnəsinin dəyişməsindən sonra bazarın vəziyyəti barədə olması gözlənilir.