Rauf Arifoğlu Müsavatdan gedir

17 Oktyabr 2012 10:29 (UTC+04:00)


Müsavat Partiyasının başqan müşaviri Yadigar Sadıqov İctimai Palatadan istefa verməsini Rauf Arifoğlu ilə əlaqələndirib. O deyib ki, təsisçisi olduğu İctimai Palatadan istefa verməyinin səbəbi İP-in tutduğu mövqe, apardığı mübarizə və bəyan etdiyi hədəflərlə fikir ayrılığı deyil: "Bütün bunları tam bölüşürəm və Azərbaycan xalqının və dövlətinin nicat yolu hesab edirəm.

Uzun tərəddüdlərdən və böyük təəssüflə atdığım addımın səbəbi "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP-nın Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır.

Bu səbəbdən də mənsub olduğum partiyaya qarşı böhtan atan bir qəzetin baş redaktorunun İP-nın rəhbərliyində təmsil olunmasını qəbul etməyərək, qurumdan istefa vermək haqqında qərara gəldim".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələ ilə bağlı AzNews.az-a bunları deyib: "Allah ona ağıl versin. Görürəm, çox təsirlənib. Elə olsun ki, bütün bunlar ona qarşı çevrilməsin.

R. Arifoğlu əlavə edib ki, ona qarşı çirkli kampaniya aparılır: "Təəssüf ki, bunun arxasında Müsavat Partiyasının üzvləri də yer alır. Bu barədə partiya rəhbərliyi ilə danışacam, mənə etimad bəyanatı olmasa, partiyadan istefa verəcəm".

İlkin Pirəli
AzNews.az