9-cu Bakı Yay Enerji Məktəbinin rəsmi açılışı oldu

7 İyul 2015 09:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumat Universitetdən AZƏRTAC-a bildirilib.

Builki yay məktəbində 17 ölkənin enerji mütəxəssisləri iştirak edirlər.

Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov məktəb iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar.

Rektor Hafiz Paşayev bildirib ki, Xəzər hövzəsində neft və qaz hasilatı, eləcə də bölgədə enerji təhlükəsizliyi ilə bilavasitə məşğul olan hökumət və fərdi sektorun yüksək rəsmilərinin çıxış etdiyi Yay Enerji Məktəbi son illər beynəlxalq mütəxəssislər arasında tanınmağa, siyasi, elmi və işgüzar dairələrin nümayəndələrini cəlb etməyə başlayıb.

Vitse-prezident Xaliq Məmmədov isə Azərbaycanın dünya neft və qaz hasilatında tarixi rolundan danışıb, Bakının neft sənayesində tək tətbiqi deyil, elmi mərkəz kimi də özünü təsdiq etdiyini diqqətə çatdırıb. O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu enerji strategiyası nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni yataqlar açılıb, ölkənin enerji təhlükəsizliyi təmin olunub, region ölkələri enerji təhlükəsizliyində Azərbaycan kimi etibarlı təchizatçı qazanıb.

İki həftə ərzində məktəb iştirakçıları enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası, o cümlədən enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanacaqlar.

Qeyd edək ki, ADA Universitetinin Bakı Yay Enerji Məktəbində son səkkiz il ərzində 350 yerli və beynəlxalq enerji mütəxəssisi məzun olub.