“Abortlara görə hər il Azərbaycanda 30 min nəfər azalır” - Adil Qeybulla

8 İyul 2015 16:21 (UTC+04:00)
Tibbi ekspert Adil Qeybulla bu statistik məlumatlara münasibət bildirib.

O, AzNews.az-a deyib ki, hələ bu, qeydiyyata düşən və aborta üstünlük verən anaların sayıdır: "Real statistika rəsmi rəqəmdən daha çoxdur. Bu, Azərbaycan ahalisinin bir ildə 30 min nəfər azalması deməkdir. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən abortlar hər bir insanın şəxsi hüququ kimi dəyərləndirilir. Əslində bunlar olmadığına görə, bəzi qadağalar, məhdudiyyətlər qeyri-reqal işlərlə məşğul olmağa yol açır. Düşünürəm ki, bu, daha çox maarifləndirici xarakter daşımalıdır".
Ekspert hesab edir ki, qadınların abort etdirmələri sosial amillərlə bağlıdır: "Bəzən görürsən ki, valideynlər uşaqlarının sayının çox olmasını istəmir, ya da uşağın cinsinə görə bu addımı atır. Azərbaycanda daha çox oğlan uşaqlarına üstünlük verirlər. Bu, yalnız inzibati yolla tənzimlənən məsələ deyil. Vətəndaşlara bu istiqamətdə sərbəstlik verilməlidir. Maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Daha çox media, telekanallar boş-boş şou verilişlərə, dərmanlar, klinikaların reklamlarına yer ayırmaqdansa, vətəndaşların bu istiqamətdə maariflənməsinə diqqət etməlidir. Bu, daha məqsədəuyğun olardı".


A.Qeybulla vurğulayır ki, ümumiyyətlə, Azərbaycanda genefondla bağlı insanları səhiyyə sahəsində maariflənməsi mühüm önəm kəsb edir: "Qadağalarla kifayətlənmək olmaz. Unutmayın ki, qadağalar qeyri-reqal yollara, hətta kriminala gətirib çıxarır".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova Azərbaycanda abort göstəricisinin digər ölkələrlə müqayisədə yüksək olmadığını bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az