Deputatdan şok təklif

17 Oktyabr 2012 12:52 (UTC+04:00)
"BP şirkəti ilə bağlı müəyyən problemlərin ortaya çıxması müəyyən mənada gözlənilən idi". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması həyatın diktəsi idi: "Çünki o vaxt Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi vəziyyət hədindən artıq ağırıydı və mərhum dövlət başçısı Heydər Əliyev o zaman böyük cəsarət nümayiş etdirərək, bu kontraktı imzaladı. Azərbaycan bu sazişin, daha doğrusu, neftin hasilatının artırılması sayəsində faktiki olaraq müəyyən qədər gəlirlər əldə etdi, neftdən əldə edilən gəlirlər 45 milyard dollara gəlib çatdı. Amma o vaxt saziş 20/80 nisbətində imzalandı, yəni 20 faiz Azərbaycanın, 80 faiz beynəlxalq şirkətlərin payı idi".

Deputat bildirib ki, 2008-ci ildə bu nisbət 75/25 olarkən BP şirkəti faktiki olaraq beynəlxalq öhdəlikləri pozub: "Nəticədə Azərbaycan təxminən 8,1 milyard dollara yaxın vəsaiti götürə bilmədi. Buna isə Azərbaycan hökuməti bir qədər vaxtında reaksiya verməli idi".

V.Əhmədov indi BP-nin tənqid hədəfi seçilməsinin başlıca səbəbi kimi onun məhz məlum beynəlxalq konsorsiumun operatoru olmasını göstərib: "Amma öhdəliyin pozulmasının qarşısını almaq lazımdır, 8,1 milyardı Azərbaycan götürməlidir. BP şirkəti də bu barədə ciddi fikirləşməlidir. Düzdür, bunlar iqtisadi məsələlərdir, amma həm də bunun siyasi tərəfləri var. Bütün bunları nəzərə almaq və çalışmaq lazımdır ki, maksimum bu vəsait Azərbaycan tərəfindən əldə olunsun. Mən inanmıram ki, BP şirkəti ilə müqavilə pozulsun, o, başqa şirkətlə əvəzlənsin. Amma çalışmaq lazımdır ki, hətta beynəlxalq məhkəmə səviyyəsində olsa belə, bu məsələ həll olunsun".

İqtisadçı deputat bildirib ki, nefti çıxarmaq üçün əlavə investisiya qoymaq lazımdır: "2008-ci ildən isə bu investisiyanı qoymayıblar. Bunu da vaxtında tələb etmək lazım idi. Odur ki, bu məsələ indi məlum problemin yaranması ilə nəticələnib".

AzNews.az