“Azərbaycan öhdəlik götürsə də, bunu edə bilməz”

17 Oktyabr 2012 18:10 (UTC+04:00)


"Avropa Şurasının Venesiya Komissiyasını narahat edən bəzi məsələlərdə müəyyən düzəlişlər etmək olar". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin və AŞPA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

Millət vəkili söyləyib ki, Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycanın "Dini etiqad azadlığı haqqında" qanununa münasibəti cəmiyyətdə ciddi müzakirə olunur.

Onun fikrincə, burada qəbul olunan və olunmayan məqamlar mövcuddur: "Qəbul olunmayan məqam odur ki, Avropa Şurasının Venesiya Komissiyası "Alternativ xidmət haqqında" qanunun indiyədək qəbul edilməməsini irad hesab edir. Amma bu irad tamamilə əsassızdır. Çünki, müharibə aparan ölkədə hər hansı alternativ xidmət düşünülə bilməz. Hətta Azərbaycanın Avropa Şurası qarşısında hər hansı öhdəliyi olsa belə, dövlətimiz bu addımı ata bilməz. Çünki, ilk növbədə Venesiya Komissiyasının marağını təmsil edən beynəlxalq təşkilatlar prinsipial mövqe tutaraq, Azərbaycan ərazilərinin erməni işğalından azad olunmasına nail olmalıdırlar. Bundan sonra Azərbaycan dövləti üçün alternativ xidmət üçün imkanın yaradılmasına əsas ola bilər. Amma bəzi məsələlərlə bağlı isə qanunvericilikdə müəyyən məhdudiyyətlər mövcuddur. Bu isə ondan irəli gəlir ki, hazırda dindən müəyyən dərəcədə siyasiləşmiş təqdimatda cəmiyyətə və dövlətə təhlükə yaratmaq görüntüsü var. Ona görə də bəzi məsələlər Venesiya Komissiyasını narahat edir və bu məsələlərdə müəyyən düzəlişlər etmək olar".

F.Mustafa qeyd edib ki, digər məsələ isə "İslami dini ibadət və rituallar yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər" maddəsinin qanundan çıxarılması ilə bağlıdır: "Bu məsələ də düşündürücü məqamdır. Çünki, müasir dövrdə keyfiyyətli təhsili məhdudlaşdırmaq olmaz. Əgər kimsə xaricdə keyfiyyətli təhsil alırsa və öz biliklərini Azərbaycan cəmiyyəti ilə bölüşmək istəyirsə, bunu əngəlləməyin heç bir mənası yoxdur. Azərbaycan Konstitusiyasında da normalar var ki, kimsə ölkənin dövlət quruluşuna qarşı çıxarsa, o zaman bunun qarşısının alınması üçün konkret hüquqi mexanizmlər mövcuddur.
Hesab edirəm ki, bu cür məsələlərlə bağlı Venesiya Komissiyasının yanaşmasında arqumentləşdirilmiş səbəblər var. Odur ki, bütün hallarda Venesiya Komissiyasının bu cür rəyi nəzərə alınmalı və yenidən müzakirə edilməlidir".

Xatırladaq ki, Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın "Dini etiqad azadlığı haqqında" qanununa rəyini açıqlayıb. Rəydə 2011-ci ildə dəyişikliklər edilmiş bu qanunda kifayət qədər məhdudlaşdırıcı müddəaların olduğu bildirilir. Komissiyanın rəyində qanunun qarışıq terminologiya ilə zəngin olduğu qeyd edilir.
Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında isə sənəd tənqid edilib.

Vasif Həsənli
AzNews.az