İctimai Palatada daha bir istefa

17 Oktyabr 2012 13:14 (UTC+04:00)


Politoloq Ərəstun Oruclu da İctimai Palatadan istefa verdi. O, "facebook" səhifəsində istefasına belə aydınlıq gətirib.

"İctimai Palata və onun Koordinasiya Şurasının fəaliyyəti ətrafında, İctimai Palata ilə hakimiyyət arasında müəyyən anlaşmalar olması barədə mətbuatda yayılan məlumatları və İctimai Palatanın Koordinasiya Şurası tərəfindən bu məlumatlara heç bir münasibət bildirilməməsi, bu qurumun fəaliiyətində sistemsizliyin və böhranın getdikcə dərinləşməsi məndə dərin təəssüf və məyusluq hissi doğurur. İctimai Palata yarananda bu qurumun Azərbaycanın gələcəyi naminə qarşısına qoyduğu vəzifələri əsas götürüb oraya üzv olmuşam, lakin yuxarıda göstərdiklərim və bu qurum haqqında dolaşan ziddiyətli bilgilər məni İctimai Palata üzvlüyündən istefa verməyə məcbur edir.

Mən İctimai Palata üzvlüyündən istefa verirəm və bu andan etibarən müstəqil müxalif siyasi fəaliyyətə keçirəm. Müxalifət mövqeyində qalan, prinsiplərinə, amallarına sadiq olan İP üzvü olan və olmayan bütün məsləkdaşlarıma Vətənimizin və millətimizin azad, demokratik gələcəyi uğrunda mübarizəmizdə uğurlar arzulayıram!"

İlkin Pirəli
AzNews.az