“Eurovision-2013” həyəcanı başladı

17 Oktyabr 2012 18:45 (UTC+04:00)


Eurovision Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio 2013-ci ildə bu müsabiqə ölkəmizin təmsilçisini müəyyən etmək üçün Milli seçim turuna start verir.

Qafqazinfo İTV-yə istinadən bildirir ki, sənədlər oktyabrın 15-dən 25-dək qəbul ediləcək.

Müsabiqə tam olaraq Eurovision Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənləri müsabiqəyə dəvət edirik. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər.

İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan-Şərifzadə küçəsi, 241) müraciət edə bilər.

Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir. Anket formasını İTV-nin saytından əldə etmək mümkündür.

Əlavə məlumat üçün telefon: ( (+994 12) 404 11 62.

AzNews.az