300 sürücü cərimələndi - Reyd

13 İyul 2015 12:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl magistral yolun Tovuz rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzadan sonra yol polisi ölkənin əsas yollarında kütləvi reydlərə başlayıb.

İdarənin məsul şəxslərinin xüsusi qrupunun da iştirak etdiyi reydlərə Tovuz rayonundan başlanılıb. Reyd zamanı sənədsiz sükan arxasına oturan, sərxoş halda avtomobil idarə edən sürücülər aşkar edilərək cəzalandırılıb. Tovuz rayonunda avtomobili sənədsiz idarə edən sürücülərə daha çox rast gəlindiyi, Qazaxda isə spirtli içki qəbul edərək sükan arxasına əyləşənlərin çoxluq təşkil etdiyi bildirilib. Reydlərə Şəmkir rayonunda yekun vurulub.

Ümumilikdə istirahət günlərində Gəncə-Qazax magistralında yol-hərəkət qaydalarını pozan 300-ə yaxın sürücü barəsində inzibati protokol tərtib olunub. Onlardan 12-si sərxoşluqla bağlı olub.

Reydlərin qarşıdakı günlərdə də davam etdiriləcəyi bildirilib.