Putindən sərt bəyanat

18 Oktyabr 2012 05:38 (UTC+04:00)


"Rusiya yalnız BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə xaricə silah ixracını məhdudlaşdıra bilər". Bu bəyanatla nazirlər və müdafiə sənayesi sahəsinin rəsmiləri ilə görüşən Rusiya prezidenti Vladimir Putin çıxış edib. Anspress xəbər verir ki, xarici mətbuatın diqqətindən yayınmayan çıxışı siyasi şərhçilər Kremelin "Qərbin etirazlarına baxmayaraq, Moskva Suriya ilə silah alverini davam etdirəcək" ismarıcı kimi qiymətləndirib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya, Çinlə yanaşı bir neçə dəfə Suriya əleyhinə sanksiyalara qarşı veto hüququndan istifadə edib. Rusiya prezidentinin silah ixracı ilə bağlı sərt bəyanatı isə, Türkiyənin Moskva-Dəməşq reysi ilə hərəkət edən təyyarəni məcburi eniş etdirməsindən bir neçə gün sonra gəlib.

Türkiyə rəsmiləri təyyarədə hərbi avadanlıq və sursatların olduğunu desə də, Rusiya tərəfi bunun (müsadirə edilmiş) yükün radar hissələrindən ibarət olduğunu və bunun legitim yük olduğunu iddia edir.

Vladimir Putin çıxışında təyyarə insidentinə toxunmasa belə, bildirib ki, heç kim silah məsələsində Rusiyaya diktə edə bilməz.

"Hərbi silahların bu və ya digər ölkələrə daşınmasına yalnız BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş sanksiyalarla məhdudiyyət qoymaq olar. Biz məhz bu prinsip çərçivəsində hərəkət edirik. Bütün başqa hallarda, heç kimin, heç bir əsasla, Rusiya və ya digər bir ölkəyə kiminlə və necə ticarət aparmağı diktə etməyə ixtiyarı yoxdur".

Rəsmi Moskva Rusiyanın 2011-ci ilin mart ayından vətəndaş müharibəsi gedən Suriya ilə əvvəlki silah müqavilələrinə sadiq qalacağını açıqlayıb.

AzNews.az