“Həbsxanalar heç vaxt marağımda olmayıb”

18 Oktyabr 2012 06:29 (UTC+04:00)
Bu gün Hilton Otelində "Həbsxanalar bizim gözümüzdə: Azərbaycan həbsxanalarında ilkin monitorinqin nəticələri" mövzusunda tədbir keçirilib.Tədbirdə keçmiş və hazırkı millət vəkilləri, jurnalistlər, QHT rəhbərləri, hüquq müdafiəçiləri, Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi də iştirak ediblər.

Tədbirin təşkilatçısı "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri, jurnalist Eynulla Fətullayev bildirib ki, Azərbaycandakı həbsxanalardakı vəziyyətlə bağlı ilk dəfə olaraq belə bir ictimai müzakirə keçirilir. Onun sözlərinə görə, bundan sonra həbsxanalardakı vəziyyət konseptual olaraq müzakirəyə çıxarılacaq. Ona görə də tədbirə bütün spektri təmsil edən nümayəndələr dəvət olunub.

Azərbaycanda insan hüquqları məsələsində bəzi problemlərin hələ də qaldığını vurğulayan E.Fətullayev həsbxanada məhbus həyatı keçirən şəxs kimi həbsxananın həyatında iz buraxdığını vurğulayıb: "Həbsxana mənim də həyatımda dərin iz buraxıb. Bunu unutmaq mümkün deyil. Azərbaycandakı bütün həbsxanalardakı vəziyyətlə tanışam. Onların arasında Bakı İstintaq Təcridxanası bütün şəraitlə təmin olub. Postsovet ölkələrində belə şərait yoxdur. Lənkəran, Şəki, Gəncə kimi şəhərlərdə Avropa standartlarına cavab verən belə həbsxanalar var. İnanıram ki, bu həbsxanalarda məhkumların vəziyyəti də Avropadakı kimi olacaq".

Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi və siyasi müşaviri Frederix Hanke isə çıxışında maraqlı bir fakt açıqlayıb. O bildirib ki, həbsxanalar heç vaxt onun marağında olmayıb: "Mən futbolçu olmuşam. Bir dəfə məşqçimiz dustaqlarla futbol oynayacağımızı bildirdi. Mən çox qorxurdum və onların çox təhlükəli olduğunu düşünürdüm. Biz dustaqlarla oynadıq və onlara uduzduq. Dustaqlarla keçirilən oyundan sonra anladım ki, onlar da cəmiyyətin üzvləridir, onları atmaq lazım deyil. Sonra dustaqların yaşam şəraitini izlədim. Həbsxanalarda monitorinq aparan təşkilatlara dəstək verdik".

Sonda E.FətullayevAlmaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsinə tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirib.

İlkin Pirəli
AzNews.az