Obamadan İran açıqlaması: “Tehran müqaviləni pozarsa...” (VİDEO)

14 İyul 2015 16:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Məlumata görə, İsrail "tarixi bir səhv" kimi qiymətləndirdiyi razılaşmaya sərt reaksiya göstərib. ABŞ Prezidenti Barak Obama isə tarixi müqavilə ilə bağlı maraqlı bəyanatlar verib.

Qeyd edək ki, İranın nüvə proqramının məhdudlaşdırılmasının əvəzində Tehrana tətbiq edilən sanksiyalar yüngülləşdiriləcək.

İran xarici işlər naziri Cavad Zərif razılığa gəlinməsini "tarixi bir an" kimi xarakterizə edib, ancaq "müqavilə qüsursuz deyil" sözlərini də işlədib.

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Federika Mogherini isə müqaviləni "bütün dünya üçün ümid əlaməti" kimi qiymətləndirib.

Cavad Zərif və Federika Mogherini ayrı-ayrılıqda, daha sonra isə birgə mətbuat konfransı keçirərək razılığa gəldiklərini ictimaiyyətə rəsmən açıqlayıb.

Mogherini mətbuat konfransında verdiyi açıqlamada deyib ki, İran heç bir şəkildə nüvə silahı saxlamayacaq və istehsal etməyəcək.

Zərif isə "Cənab Mogherininin ingilis dilində verdiyi açıqlamaları fars dilində təkrarlayacağam" sözlərini deyib.

Ağ Evdə mətbuat konfransı keçirən ABŞ Prezidenti Barak Obama İranla bağlanan müqavilənin etimad üzərində deyil, nəzarət üzərində yaradıldığını deyib.
"Tehran müqaviləni pozarsa, bütün sanksiyalar geri gələcək" xəbərdarlığını edən Obama vurğulayıb ki, bu müqavilə İranın nüvə silahı əldə edə biləcəyi bütün yolların qarşısını kəsib.