“Qitələrarası Kubok” mübarizəsi başlayır

18 Oktyabr 2012 06:47 (UTC+04:00)
Sərbəst güləş üzrə yığma komandamız 2012-ci ilin təqvim planına əsasən, oktyabrın 20-21-də Dağıstanın Xasavyurt şəhərində keçiriləcək sayca 4-cü "Qitələrarası Kubok" beynəlxalq turnirində iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, bu turnirdə 9 idmançımız iştirak edəcək. Baş məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurtda Mahmud Maqomedov, Namiq Sövdumzadə, Azər Paşayev (hər üçü 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Emin Əzizov (66 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli İsayev və Aslan Cebisov (hər ikisi 120 kq) mübarizə aparacaq.

Bundan başqa, beynəlxalq dərəcəli referilərimiz Xanmirzə Məlikəliyev və Zakir Məmmədov hakim kimi turnirin görüşlərinin idarə olunmasında iştirak edəcəklər. Məlumat üçün bildirək ki, bundan öncə keçirilən 3 turnirdə təkcə komanda yarışları təşkil olunmuşdusa, bu dəfə 7 çəki dərəcəsində şəxsi birincilikdə də qaliblər müəyyənləşəcək.

AzNews.az