Dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək

18 Oktyabr 2012 06:51 (UTC+04:00)
Oktyabrın sonunda qeyd olunacaq Qurban Bayramı günlərində "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş rejimdə işləyəcək.

Bu barədə APA- ya "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. QSC-nin məlumatında bildirilir ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib və rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

Bununla əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamenti bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Belə ki, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. QSC bir daha sərnişinlərin nəzərinə çatdırıb ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün aparılır.

AzNews.az