«Rusiya Helikopterləri» şirkətindən açıqlama gəldi

18 Oktyabr 2012 07:51 (UTC+04:00)


Azərbaycana Mi-35M tipli helikopterlərin çatdırılması müqavilənin şərtlərinə uyğun həyata keçirilir. Bu barədə APA-ya "Rusiya Helikopterləri" şirkətindən məlumat verilib. Şirkətdən Azərbaycan və Rusiya arasında helikopterlərin alğı-satqısı müqaviləsinin icrası ilə bağlı əlavə məlumat verilməyib.

Azərbaycanda Rusiya istehsalı olan mülki və hərbi helikopterlərə təmir-baxım və texniki qulluq göstərəcək mərkəzin (birgə müəssisənin) yaradılacağı barədə yayılan məlumatlara gəlincə, "Rusiya Helikopterləri"nin hələlik rəsmi sürətdə Azərbaycanda texniki dəstək barədə heç bir qərar səsləndirmədiyi bildirilib: "Lakin bizim holdinqin siyasəti "həyat tsiklinə" əsaslanır. Yəni helikopterlərin satışı və utilizasiyasını həyata keçirir. Bu kontekstdə biz aktiv olaraq qlobal servis mərkəzləri şəbəkəsini genişləndiririk. Xüsusən də biz onları ənənəvi və vacib bazarlarda - Rusiya helikopterlərinin ən çox çatdırıldığı yerlərdə açmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti 2010-cu ildə Rusiya ilə 24 ədəd Mi-35M tipli döyüş helikopterlərinin satın alınmasına dair müqavilə bağlayıb.

Helikopterlərin ilk partiyası Bakıya 2011-ci ilin dekabr ayında gətirilib. Hazırda digər helikopterlərin ölkəyə gətirilməsi davam etdirilir. Bununla paralel olaraq, 2010-cu ildə Azərbaycan və Rusiya arasında 60 ədəd Mi-8/Mi-17 tipli tipli helikopterlərin satın alınmasına dair müqavilə imzalanıb.

AzNews.az