“Azərbaycanla qürur duyduq” – Polşalı vitse-prezident
16 İyul 2015 15:30 (UTC+04:00)
"Bakı-2015 I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qardaş ölkənin güclənməsindən xəbər verir. Tədbirin açılışı və bağlanışı bizə qürur hissi yaşatdı".
AzNews.az xəbər verir ki, bu sözləri Polşa Boks Federasiyasının vitse-prezidenti Mustafa Koçinoğlu bildirib:
"Belə yüksək səviyyəli açılış mərasiminin təşkil edilməsi bizi də heyran etdi. Buna görə Azərbaycan prezidenti cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Artıq bu gün Azərbaycanın adı beynəlxalq yarışlar üçün ən münasib ölkələr sırasında çəkilir. Azərbaycan Türk dünyasının qürurunu uğurla daşıyır. Azərbaycanda olimpiya və qeyri-olimpiya idman növləri güclü inkişaf edir. Hesab edirəm ki, Avropa Oyunlarının keçirilməsi Azərbaycanda idmanın daha da inkişafına böyük təsir edəcək və idmançılara stimul olacaq".
Vitse-prezident qeyri-olimpiya idman növləri içərisində kikboksinq idman növünün inkişaf etməsini xüsusi qeyd edib: "Biz Polşada boksu təbliğ etməklə yanaşı, eyni zamanda kikboksinqin təbliğatını aparırıq. Onu da yaxşı bilirəm ki, Azərbaycanda kikboksinq idman növü güclü inkişaf edir. Keçirilən yarışları televiziyadan izləmişəm və mətbuat vasitəsilə də ətraflı tanışam. 2010-cu ildə kikboksinq üzrə Avropa Çempionatının Bakıda təşkil edilməsi kikboksinqin beynəlxalq səviyyədə tanıdılmasına böyük təsir etdi. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili hörmətli Adil Əliyevin kikboksinqin inkişafı üçün əməyi böyükdür. Hörmətli millət vəkili Azərbaycan idman siyasətində fəal rol oynayır. Biz bunu sosial şəbəkələrdə görürük. Onun kikboksinq üçün xidmətləri haqqında Dünya Kikboksinq Federasiyasından da yaxşı məlumatlar alırıq. Bu gün Azərbaycanda kikboksinq idman növü populyarlaşır və federasiyasının idmançıları beynəlxalq yarışlarda ölkələrini layiqincə təmsil edirlər",-deyə M.Koçunoğlu əlavə edib.
Elnur Eltürk