Qüdsi Osmanovdan Abbas Abbasova yeni - Sensasion ittihamlar

17 İyul 2015 10:14 (UTC+04:00)



Q.Osmanov bildirib ki, A.Abbasov "AzerRos"da olarkən qurumdan bir alət kimi istifadə edərək, özünü Rusiyadakı azərbaycanlıların lideri kimi tanıtmaq cəhdi ilə məşğul olub: "Məqsəd isə aydındır: Rusiya hakim dairələrinə yaxın olmaq istəyi. Əslində o, Rusiyada olan azərbaycanlı iş adamlarına gizlicə problemlər yaradır, sonra öz təmsilçiləri vasitəsilə həmin problemi həll edir, bununla da onları özündən asılı vəziyyətə salırdı".

Səsləndirdiyi ittihamlarla bağlı Qüdsi Osmanovla musavat.com-a danışıb. Səfirin müavini bildirib ki, Abbas Abbasovun fəaliyyəti ilə bağlı məlumatlar artıq heç kimə sirr deyil, Rusiyadakı azərbaycanlıların hər birinə məlumdur:

- Abbas Abbasovun fəaliyyəti ilə bağlı məlumatlar yalnız məndə deyil, bütün diasporda var. Moskvada yaşayan bütün azərbaycanlılar onun fəaliyyəti barədə məlumatlıdır, bunu açıq danışırlar. Bu yaxınlara qədər bu adam bütün diaspor rəhbərlərinə zəng edərək təkliflər edirmiş. Bu məlumat çox adamda var.

- Belə bir fikirlər var ki, bu məlumatlar Abbas Abbasovun həbsinə səbəb ola bilər. Ümumiyyətlə, hüquq-mühafizə orqanları bu məlumatlarla maraqlanırlarmı?

- Bu barədə mən heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanlarının necə reaksiya verəcəyini deyə bilmərəm. Amma bu insanın əsas fəaliyyəti ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlıları qarışdırsın, bir-birinə qarşı qoysun. Bu isə ciddi etirazlara səbəb olub, diaspor fəalları, aktivlər Abbas Abbasova qarşı qalxıb. O isə heç bir tələbə, etirazlara məhəl qoymur, əksinə, "AzerRos" sənədlərini aparıb seyfində saxlayır ki, bu mənimdir, heç kimə vermək istəmirəm. Azərbaycanlılar hazırda bu təşkilatı geri qaytarmaq, fəaliyyətini aktivləşdirmək istəyirlər. Çünki Rusiyada yaşayan azərbaycanlılar hesab edir ki, bu təşkilat diaspor üzvlərinin gələcəyidir, onların Rusiyada mövcudluğu, ictimai-siyasi fəaliyyəti, öz səslərini çatdırmaq üçün federal təşkilat olaraq mühüm vasitədir. Amma Abbas Abbasov təşkilatın möhürünü öz seyfində gizlədərək heç kimə vermir.



Lakin eyni zamanda onun dünya erməni diaspor nümayəndələri, fəallarla daimi görüşləri olur. Bu görüşlərin yeganə səbəbi də onun öz çirkin siyasətini həyata keçirməsidir. Bundan başqa, Avropada təşkilatlanmış, özlərini müxalifət adlandıran yırtıcı və Azərbaycanı dağıtmaq istəyində olan qüvvələrlə mütəmadi görüşlər keçirir. Yəni bu mənada onun etdiyi xeyli işlər var. Rusiyada yaşayan azərbaycanlılar diasporun fəaliyyətini gücləndirməkləri ilə məşğul olduqları halda, bu insanın törətdikləri əməllər cinayət deyilmi? Hələ bu, aysberqin görünən hissəsidir.

""Necə ola bilər 3 il əvvəl "Regnum" və bu kimi agentliklərə müsahibəsində azərbaycanlıları "bazarnik" adlandıran şəxs indi bazarlara gedərək dəstək istəyir, onlara vədlər verir"


- Abbas Abbasovun fəaliyyətindən narazı olan azərbaycanlıların hansısa bir hərəkəti varmı? Yəni səfirliyə, yerli hüquq-mühafizə orqanlarına müraciət edirlərmi?

- Əlbəttə. Artıq 8 aydır ki, seminarlar, dəyirmi masalar, konfranslar və iki dəfə geniş tərkibli qurultay keçiriblər. Rusiyanın 40 bölgəsinin diaspor rəhbərləri, mərkəzi diaspor qurumlarının rəhbərlərinin birgə toplantıları, qurultay keçirilib. Əsas tələb də o olub ki, Abbas Abbasov təşkilatı təhvil versin və ümumiyyətlə, diaspor fəaliyyətindən uzaqlaşsın. Bu gün azərbaycanlı diaspor fəalları onunla mübarizə aparırlar. O isə əksinə, polisi, Dağıstan quldurlarını köməksiz azərbaycanlıların üzərinə göndərir, onları döydürür. Abbasova qarşı çıxan biznesmenlərin biznesini dağıdırlar. Onun da yanında bir neçə adamlar var, pulla xidmət edirlər. Bu səbəbdən də hazırda diaspor daxilində ciddi konflikt var. O, xərclədiyi pulları Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həllinə, Azərbaycanın, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin Rusiyada təbliğatına yönəltsə daha faydalı olmazmı? Bütün bu etirazlara, ona qarşı müqavimətə baxmayaraq Abbas Abbasovun diaspor meydanından çəkilməməsi, əksinə, müqavimət göstərməsi onu göstərir ki, bu adamın özünün maraqları və çirkli niyyətləri var. Təəssüflər olsun ki, ölkəmizin daxilində isə bəzi məmurlar bu günə kimi ona gizli şəkildə dəstək verirlər və onunla əlaqə saxlayırlar. Lakin onlar başa düşməlidirlər ki, bizim üçün milli maraq müqəddəsdir, ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanət - müstəqil Azərbaycan anlayışı bizim üçün alidir, biz buna canımızı da əsirgəməməliyik. Mənim başa düşdüyüm bundan ibarətdir.




""AzerRos" sənədlərini aparıb seyfində saxlayır ki, bu mənimdir, heç kimə vermək istəmirəm"


- Səfirlik bu münaqişə ilə bağlı hansı addımları atacaq? Yəqin ki, rəsmi müraciətlər olub.

- Səfirliyə bu məsələ ilə bağlı yüzlərlə müraciət göndərilib. Həmçinin diaspor aktivi tərəfindən Rusiya rəhbərliyinə, əlaqədar qurumlara müraciətlər olub. Bizim ölkəmizin müvafiq qurumlarına onlarla müraciətlər olub. Biz indi gedib nə edək, Abbasın əlindən möhürü zorla ala bilmərik ki? Bizim də vəzifəmiz oradakı azərbaycanlıları müdafiə etmək, onları dəstəkləməkdir. Məsələn, mən özüm səfir müavini kimi yüzlərlə müraciətlər almışam. Bundan başqa, diaspor liderləri mütəmadi olaraq Azərbaycan mediasında da çıxışlar edirlər. Səhv etmirəmsə, bu günə qədər 30-dan artıq diaspor rəhbəri mətbuatda çıxış edərək Abbas Abbasovun fəaliyyətinə etirazlarını bildiriblər.

Bu, indinin məsələsi deyil ki. Necə ola bilər 3 il əvvəl "Regnum" və bu kimi agentliklərə müsahibəsində azərbaycanlıları "bazarnik" adlandıran şəxs indi bazarlara gedərək dəstək istəyir, onlara vədlər verir. Abbas Abbasov özünü diaspor lideri kimi görmək istəyir. Bununla da əlaqələrinin böyüməsi, Rusiya hakimiyyətinə çıxış imkanları qazanmaq və ən mühümü Rusiyadakı azərbaycanlıları nəzarətində saxlamaq cəhdindən ibarətdir. Nəticədə bütün azərbaycanlıları əlində saxlamağa çalışır. Azərbaycanlılar isə ayağa qalxaraq bu adama etiraz edir. O ki qaldı mənə, mən isə onların dəstəyindəyəm, çünki ilk növbədə onlar azərbaycanlıdırlar.