Azərbaycan-Gürcüstan sərhədində sıxlıq

17 İyul 2015 15:11 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhəddində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, nəqliyyat vasitələri üçün nəzərdə tutulan 2 keçid xətti əvəzinə 4 keçid xətti fəaliyyət göstərir və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilə görüşündə də bu kimi halların qarşısının alınması üçün iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsinin, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılmasının zəruriliyi vurğulanıb. Həmin görüşdə gömrük-sərhəd keçid məntəqələrində mütəmadi olaraq ikitərəfli görüşlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Ramazan bayramı ilə bağlı Azərbaycan 4 gün qeyri-iş günü olacaq. Məhz bu səbəbdən vətəndaşlar rayonlara və qonşu ölkələrə istirahətə yollanır. Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq.

18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 20 iyul qeyri-iş günüdür. Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü olacaq. Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib.