Azərbaycanda bəbirin ilk fotoşəkli çəkildi - FOTO

18 Oktyabr 2012 10:44 (UTC+04:00)
Sentyabrın 6-da Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin yetgin fərdinin ilk fotoşəkli çəkilib. Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib.

Bu fakt son illərdə Xüsusu Mühafizə Olunan Təbiət Ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur. Nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.

Fotoşəkli çəkilən bəbirin gənc dişi fərd olması sevindirici haldır, çünki bu cür fərdlər onlara uyğun mühitdə yaşayaraq davamlı populyasiyanın yaranmasına başlanğıc verir.

Qeyd edək ki, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verir.

Məlumat üçün bildiririk ki, "Azərbaycan Respublikasının Qırmızı kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahı"sına daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə ETSN tərəfindən onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli Parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb.

Həmçinin ümumdünya Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparılır. Bu əməkdaşlıq çərçivəsində nazirlik Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqləyib.

Qeyd edək ki, bir-birindən izolə olunmuş populyasiyalar arasında gen mübadiləsini təmin etmək məqsədilə gələcəkdə iri landşaft vahidləri səviyyəsində işlərin aparılması nəzərdə tutulur.

Elnarə Əlosmanqızı
AzNews.az