“Gözləyək görək bu adamların özləri nə deyirlər”

18 Oktyabr 2012 11:43 (UTC+04:00)
Yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı barədə səsləndirilən fikirlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aydınlıq gətirib. AzNews.az "Media forum"-a istinadən xəbər verir ki, Administrasiya rəsmisi Rusiya Azərbaycan Təşkilatları İttifaqı haqda yazılanları mətbuatın mülahizələri kimi xarakterizə edib.

"Gözləyək görək bu adamların özləri nə deyirlər. Biz bundan sonra məsələyə münasibət bildirəcəyik"-deyən Ə.Həsənov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını pisləyən bəyanatına fikrini açıqlayıb. O qeyd edib ki, dövlət komitəsi Rusiyada, o cümlədən digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun parçalanmasını istəmir: "Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın diaspor təşkilatlarının parçalanmasını, diaspor nümayəndələrinin ayrı-ayrı düşərgələrə çəkilməsini istəmir, diasporun vahid siyasətlə, bir mərkəzdən idarə olunmasını istəyir və bunun üçün çalışır. Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu baxımdan qiymətləndirib və belə bir bəyanat verib".

Azərbaycan hakimiyyətinin ittifaqda təmsil olunan şəxslərlə münasibətlərinə gəlincə, Administrasiya rəsmisi siyasi predmet kimi təqdim etməyə qarşı çıxıb: "Hakimiyyətin ayrı-ayrı şəxslərə, eyni zamanda müxtəlif insanların hakimiyyətə münasibəti siyasətin predmeti ola bilməz. Hakimiyyətin normaları, idarəçilik prinsipləri var, xalq qarşısında məsuliyyət daşıyır, hesabat verir və bunlardan da çıxış edərək ölkənin idarəçiliyini həyata keçirir. Amma ayrı-ayrı şəxslərin hakimiyyətlə münasibəti üzərində dövlət siyasəti formalaşmır, qurulmur və həyata keçirilmir".

Xatırladaq ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqını Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Söyün Sadıxov, Natiq Ağamirov, Asif Məhərrəmov, yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları yaradıb. Bu da mətbuatda qurumun Azərbaycan hakimiyyətinə müxalif mövqedə dayanacağı kimi təbliğ olunur. Görünür, Rusiyada yaşayan azərbaycanlıları birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresinin belə bir ittifaqın yaradılmasını pisləməsinin kökündə də bu məqam dayanır.

Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi də belə bir təşkilata ehtiyac olmadığını bəyan edib ki, bundan sonra sözügedən qurum təmsilçiləri missiyalarına aydınlıq gətirməyə məcbur olublar. İttifaqın siyasətlə məşğul olmayacağını bəyan edənlər qeyd ediblər ki, ittifaq özünü Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ təşkilat saymır: "Qurum Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirəcək. Rusiya Azərbaycan Təşkilatları İttifaqı üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək".

Gültəkin
AzNews.az