BDU və Qırğızıstan-Türkiyə Manas Universiteti arasında memorandum imzalanıb

18 Oktyabr 2012 14:22 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov bu gün, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Səbahettin Balcı ilə görüşüb.

Aznews.az BDU-nun mətbuat və informasiya şöbəsinə istinadən xəbər verir ki, rektor, qonağa universitetin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, eləcə də proqram və qrant layihələrində iştirakı barədə məlumat verib.

Rektor Səbahəttin Balcı, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu dilə gətirərək Azərbaycanın ilk ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduğunu deyib: "Universitetimizdə 5000-ə yaxın tələbə təhsil alır. 14 ölkənin tələbələri sırasında 10 nəfər azərbaycanlı tələbə də var. Tələbə qəbulu, daxili qaydalar əsasında aparılır və universitetimizin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır. Hər cür şəraitimiz var, yataqxana problemi yoxdur, təhsil pulsuzdur".

Abel Məhərrəmov, Qırğızıstan-Türkiyə Manas Universiteti ilə əlaqələrin yaranmasına və inkişafına dəstəyini ifadə edib.
Rektorlar görüşün yekununda anlaşma memorandumu imzalayıblar. Memorandumda tələbə-müəllim mübadiləsi, birgə proqram və qrantlarda iştirak, habelə elmi konfransların keçirilməsi və s. nəzərdə tutulub.

Aznews.az