“İnanmıram ki, diaspora Azərbaycana qarşı fəaliyyət göstərsin”
18 Oktyabr 2012 18:40 (UTC+04:00)
Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri, iş adamı Vaqif Məmişov bu günlərdə yaradıldığı elan olunan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ilə bağlı AzNews.az-a münasibətini açıqlayıb. Sankt-Peterburqda ezamiyyətdə olan əməkdaşımızla söhbəti zamanı o bildirib ki, biz prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, onun hər zaman diaspora göstərdiyi qayğını yüksək qiymətləndiririk. Biz daim Azərbaycan dövlətinin yanındayıq.
Lakin Məmişov əlavə edib ki, Rusiyada yaradılan yeni ittifaqdan bu gün xəbərim olub. "Faktiki olaraq bu təşkilatın hansı məqsədlə yaradılmasından, hansı məqsədə xidmət edəcəyindən xəbərim yoxdur.
Mən yeni qurumun yaradılmasının məqsədini və zərurətini öyrənəcəyəm. Lakin bildirmək istəyirəm ki, biz-Rusiyadakı azərbaycanlılar hər zaman Azərbaycan dövlətinin yanındayıq və yeganə məqsədimiz dövlətimiz üçün çalışmaq olmalıdır. İnanmıram ki, Rusiyada istər yeni yaradılan, istərsə də hər hansı digər diaspor təşkilatı Azərbaycana qarşı fəaliyyət göstərsin". Vaqif Məmişov belə deyib.
İş adamı əlavə edib: "Ancaq burda maraqlı bir məqam ortaya çıxır. Niyə son illərdə Azərbaycan diaspor təşkilatları ancaq parlaçalanmaqla məşğuldur? Diaspor təşkilatlarında artıq azərbaycançılıq yox, regionçuluq hökm sürməkdədir. Bu çox anormal haldır ki, diaspor qurumları fəaliyyətlərini mənsub olduqları Azərbaycan regionlarına görə qururlar".
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyada yaşayan azərbaycanlıların bir hissəsi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlanan yeni təşkilat yaratdıqları barədə bəyanatla çıxış edib. Yeni qurum bu il sentyabrın 28-də təsis edilib və artıq qeydiyyata da alınıb. ÜATİ-nin mərkəzi ofisi Moskva şəhərinin mərkəzində, Krasnaya Presnya küçəsi 24, ünvanında yerləşir.
Cavad Cavadov
AzNews.az