Regionlardakı gənc ailələr ilkin ödənişsiz ev ala biləcək - EKSPERT

28 İyul 2015 14:42 (UTC+04:00)

Bu gün ictimaiyyət arasənda ən aktual məsələlərdən biri ipoteka kreditləridir. Reallıq isə budur ki, hazırkı şərtlərlə əhalinin böyük çoxluğuna, xüsusiylə regionda yaşayan vətəndaşlara bu kreditlərdən istifadə etmək yalnız arzu, xəyal olaraq qalır.

AzNews.az-a açıqlama verən iqtisadi ekspert Vüqar Bayramlı bildirib ki, regionlara ayrılan ipoteka kreditlərinin səmərəliliyinin artırılması, kreditlərin region əhalisinə əlçatanlığının təmin edilməsi üçün müəyyən addımlar atılmasına ehtiyyac var:

"Bu gün bölgələrdə əhalinin kreditlərə maraqlı olmamasının əsas səbəbi, orta aylıq əmək haqqının paytaxtla müqayisədə 2 dəfə az olması və bu səbəbdən əhalinin ipoteka müraciəti üçün imkanlarının məhtud olmasıdır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını mümkünsüz edir".

Kommersiya banklarının regionlarda ipoteka kreditlərini maliyyləşdirməkdə maraqlı olmadıqlarını deyən ekspert, dövlətin atmalı olduğu əsas addımın regionlar üçün ipoteka kreditləşməsinə minimumlar müəyyənləşdirməli olduğunu vurğulayıb:

"İpoteka fondu xəttiylə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50% regioanlar üçün ayrılmalıdır. Bu o deməkdir ki, əgər kommersiya bankı bir ay ərzində 2 milyon manat kredit təklif edirsə, bunun ən az bir milyon manatı regionlara yaşayan vətəndaşlara təklif edilməlidir. Eləcə də regionlar üçün sosial ipoteka kreditlərinin faiz dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi vacibdir. Faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək".

Qanuna əsasən ipoteka fondunun yanında İpoteka kreditlərinin zəmanət fondunun yaradılması nəzərdə tutulduğunu qeyd edən V.Bayramlı, bunun regionlarda yaşayan gənc ailələrin ilk ödəniş etmədən ipoteka krediti ilə ev ala biləcəyinə imkan yaradacağını deyib.

Vüsal QARAYEV
AzNews.az