Polislər taksi sürücüsünü döydülər

19 Oktyabr 2012 04:15 (UTC+04:00)
Moskva polisi şəhər Baş polis idarəsinin ikinci əməliyyat alayının sıravisi və təcrübəçiləri tərəfindən Azərbaycan vətəndaşının döyülməsi faktı üzrə araşdırma aparır. APA-nın məlumatına görə, bu barədə "İnterfaks" Rusiya DİN Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verir. "Rusiya DİN Moskva üzrə Baş İdarəsi Azərbaycan Respublikasının vətəndaşına bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 2-ci əməliyyat alayının bir sıravisi və 3 təcrübəçisinin saxlanılması ilə bağlı xidməti araşdırma həyata keçirir", deyə mətbuat xidmətinin əməkdaşı bildirib.

İlkin məlumatlara əsasən, oktyabrın 18-də təxminən 04.45-də Baqritski küçəsində mülki geyimdə və sərxoş vəziyyətdə olan 4 nəfər VAZ-21053 markalı avtomobili saxlatdıraraq sürücüdən onları aparmağı xahiş ediblər, sürücü etiraz etdikdə isə onu döyüblər. Sürücü qapalı beyin-kəllə zədəsi, burun və çənə sınığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.

Şübhəlilərin Moskva polisinin 2-ci əməliyyat alayının sıravisi və 3 nəfər təcrübəçisi olduğu aşkarlanıb. Onlar daxili təhlükəsizlik bölməsinin və çevik reaksiya qrupu tərəfindən saxlanılaraq Moskvanın Mojaysk rayonunda polis məntəqəsinə gətiriliblər. Fakt üzrə materiallar cinayət işini n açılması məsələsinin həll edilməsi üçün Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinə verilib.

"Xidməti yoxlamanın nəticələrinə əsasən şübhəli bilinən 4 nəfər daxili işlər orqanların xaric ediləcəklər. Bundan əlavə ikinci əməliyyat alayının tabor və bölük komandirinə xidməti uyğunsuzluq barədə xəbərdarlıq ediləcək, tabor komandirinin şəxsi heyətlə iş üzrə müavininə, həmçinin alay və tabor üzrə məsul şəxslərə şiddətli töhmət veriləcək", deyə Baş İdarədə bildirilib.

AzNews.az