DİN: “Ölən və yaralananların olması xəbəri yanlışdır“

19 Oktyabr 2012 05:27 (UTC+04:00)
Bakıda keçirilən xüsusi əməliyyata rəsmi münasibət bildirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində əvvəllər məhkum olunmuş bir qrup şəxsin toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Məlumat araşdırılıb və təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu çıxıb. Əməliyyat zamanı toplantıda iştirak edən şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

DİN-in mətbuat xidmətindən, həmçinin bildirilib ki, bəzi mətbuat orqanlarında əməliyyat zamanı atışma baş verməsi, nəticədə ölən və yaralananların olması barədə məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, ötən gün saat 21.00 radələrində hüquq-mühafizə orqanları Bakının Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" şadlıq evində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi avtoritetlər saxlanılıb.

AzNews.az