Nazir müavini QHT-lərə pul paylayır - EKSKLÜZİV

19 Oktyabr 2012 06:55 (UTC+04:00)
AzNews.az-a daxil olan məlumata görə, bu gün Daxili İşlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən bir sıra QHT rəhbərlərilə görüşəcək.

Görüşdə məqsəd insan alverinə qarşı mübarizənin vəziyyətini müzakirə etməkdir. Mənbənin sözlərinə görə, nazir müavini bu görüşdə QHT rəhbərlərinə maliyyə yadımı da edəcək.

Mənbə nazir müavinin bu görüşünü "qabaqlayıcı tədbir" adlandırıb: "Gələn ay Vilayət Eyvazovun parlamentdə hesabatı gözlənilir. Digər tərəfdən ABŞ-dan xüsusi komissiyanın Azərbaycana səfəri planlaşdırılır. Səfərdə məqsəd ölkəmizdə insan alverinə qarşı mübarızənin vəziyyəti ilə monitorinq aparmaqdır".

Qeyd edək ki, görüşdə "Təmiz dünya" İctimai Birliyi, "Polisə Dəstək" İctimai Birliyi, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi və Azərbaycan Uşaq Birliyi və başqa təşkilatların rəhbərləri iştirak edəcək.

Xatırladaq ki, ötən il oktyabrın 28-də parlamentdəki hesabatında V.Eyvazov bəzi yerli QHT-ləri ittiham etmişdi: "Bəzi QHT-lər Azərbaycanda yüzlərlə vətəndaşın və xarici ölkə vətəndaşlarının insan alverinin qurbanı olması, məcburi əməyə cəlb edilməsi haqda həqiqətə uyğun olmayan hesabatlar yayırlar.

Bu da Azərbaycanın adının beynəlxalq hesabatlarda mənfi formada hallanmasına, ikinci risk qrupunda saxlanmasına səbəb olur. Ümid edirik ki, beynəlxalq təşklatlar bunu aradan qaldıracaqlar". Biz də ümid edirik ki, bu görüşdən sonra qarşılıqlı ittihamlar olmayacaq.

Məsələ ilə bağlı DİN-in mətbaut xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzNews.az-la əlaqə saxlayıb. Mansurzadə bildirib ki, nazirliyin müvafiq qurumları vaxtaşırı bu sahədə fəaliyyət göstərən QHT-lərlə görüşür və işində fəallıq göstərən QHT rəhbərləri ildə bir dəfə nazirlik tərəfindən mükafatlandırılır. Həmin qurumların mükafatlanması isə nazir müavininin "pul paylaması" və ya "maliyyə yardımı göstərməsi" anlamına gəlmir.

Azər Azər
AzNews.az