Azərbaycanlı müəllimlər İrəvana getmədi

19 Oktyabr 2012 06:58 (UTC+04:00)
MDB-yə üzv olan ölkələrin təhsil işçilərinin Ermənistanda keçirilən 2-ci qurultayına Azərbaycan nümayəndələri qatılmayıb. Erməni mətbuatının verdiyi xəbərə görə, qurultayın rəsmi açılış mərasimində baş nazir Tiqran Sarkisyan çıxış edib.

Qurultaya Rusiya, Ukrayna, Belorus, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Moldovadan müəllimlər, təhsil işçiləri qatılıb. Milli təhsil sistemlərinin qarşılıqlı əlaqələri, ölkələrdəki təhsil səviyyəsi barədə müzakirələrin aparıldığı tədbirdə Azərbaycan təmsil olunmayıb.

Məlumat üçün bildirək ki, oktyabrın 16 - da Türkmənistanın Aşqabad şəhərində MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının VII forumunda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil etmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az