ABU-nun binası Pedoqoji Universitetə verilir

19 Oktyabr 2012 07:41 (UTC+04:00)
AzNews.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası Azərbaycan Pedoqoji Universitetinin balansına veriləcək. Məlumatı həmin universitetdə oxuyan tələbələr də təsdiqləyirlər. Pedoqoji Universitetinin bəzi fakültələrində təhsil alan tələbələrə bildirilib ki, onlar üçün tədris prosesi yaxın vaxtlarda ABU-nun binasında davam etdiriləcək.

Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov isə bu barədə məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, qapadılmış ABU-nun köhnə binasının Pedoqoji Universitetin balansına veriləcəyi barədə bilgisi yoxdur. Pedoqoji Universitetdən məlumatı təsdiqləməsələr də, bu ali təhsil ocağında çalışan müəllimlər də ABU-nun binasının onalara veriləcəyi barədə xəbər eşitdiklərini qeyd ediblər.

ABU-nun fəaliyyəti 2010-cu ildə dayandırılıb. Universitetin keçmiş rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdədir. Adı deputat Gülər Əhmədova ilə birgə rüşvət qalmaqalından keçən Elşad Abdullayev son vaxtlar mətbuatın gündəmindən düşməyən personaya çevrilib.

AzNews.az