“Metsamor” təhlükəsi

19 Oktyabr 2012 08:24 (UTC+04:00)


Ermənistan mətbuatı "Metsamor" atom elektrik stansiyasının (AES) istismar müddətini daha 10 il müddətinə uzadıldığını yazıb. Bu barədə ölkənin energetika naziri Armen Movsisyan jurnalistlərə məlumat verib.

Bildirilir ki, bu gün iqtisadi məsələlər üzrə Ermənistan-ABŞ hökumətlərarası komissiyanın iclasının yekununa dair Ermənistanın energetika naziri və ABŞ-ın bu ölkədəki səfiri Con Heffern anlaşma memorandumu da imzalayıblar. Sözügedən sənəddə, həmçinin, iki ölkənin atom enerjisi sahəsində əməkdaşlığı da əksini tapıb.

Həmçinin ABŞ səfiri də ölkəsinin Ermənistanla bu sahədə əməkdaşlığı davam etdirəcəyini qeyd edib: "Biz bu sahədə Ermənistan ilə əməkdaşlıq etmişik və bundan sonra da edəcəyik".

2016-cı ildə istismar müddətinin başa çatacağı bildirilən stansiyanın təhlükəli olması barədə Azərbaycan tərəfi beynəlxalq qurumlarda dəfələrlə məsələ qaldırıb. AzNews.az-a açıqlamasında politoloq Elxan Mehtiyev bildirib ki, bu məsələ Azərbaycan üçün əsas önəm daşımır. Azərbaycan üçün əsas önəm daşıyan məsələ torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır. Bununla yanaşı, E.Mehtiyev bütün hallarda bu tipli stansiyaların təhlükəli olduğunu da istisna etməyib: "Belə stansiyalar həmişə təhlükəli olub. Çernoblda baş verən hadisə bu tipli stansiyaların miqyasının nə qədər öldürücü olduğunu göstərdi. Harda olub-olmamasından asılı olmayaraq bu stansiyalar potensial təhlükə mənbəyidir".

Amma E.Mehtiyev qeyd edib ki, onun da təhlükəsizlik tərəfləri var və Ermənistan özünün də məhvini istəməz: "Ermənistan da yəqin ki, özünü təhlükəyə atmaq fikrində deyil. Bu baxımdan biz daha çöx əsas məsələmiz olan işğal faktoruna diqqət yönəltməliyik".

Gültəkin Qəhrəmanlı
AzNews.az