BŞTİ-dən məktəb olayı ilə bağlı açıqlama

19 Oktyabr 2012 09:26 (UTC+04:00)
Bakı şəhər Təhsil İdarəsi Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı məlumat açıqlayıb.

İdarənin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı AzNews.az açıqlamasında məktəbdə partlayış baş vermədiyini deyib: "109 saylı məktəbdə heç bir partlayış olmayıb, tələfat yoxdur. 11-ci sinif şagirdlərindən biri sinif otağına hansısa maddə gətirib. Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəbdədir".

BŞTİ rəsmisinin sözlərinə görə, 2 şagird özünü pis hiss edib və Kliniki Tibbi Mərkəzə aparılıb.

Z.Əliqızı 109 saylı məktəbdə 700 şagirdin təhsil aldığını bildirərək mətbuatda yayılan xəbərlərin valideynlərdə narahatlıq yaratdığını vurğulayıb: "Məktəbdə dərslər bərpa edilib. Məktəblə bağlı belə məlumatlar valideynləri təşvişə salır, ona görə də bu məlumatları yayılarkən bir az ehtiyatlı davranmaq lazımdır".

Elnarə Əlosmanqızı
AzNews.az