Məktəbdə fişəng partladı

19 Oktyabr 2012 09:44 (UTC+04:00)


Səhiyyə Nazirliyi paytaxtın 109 saylı orta məktəbində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaranıb.

Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib.

Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinə daxil olmuş hər iki şagirdin vəziyyətləri yüngül qiymətləndirilir. Şagirdlər qısa bir zaman ərzində evlərinə buraxılacaq.

Elnarə Əlosmanqızı
AzNews.az