Bakıdakı konfransda ABŞ qınandı

19 Oktyabr 2012 09:52 (UTC+04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu gün Bakıda "Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülhün və təhlükəsizliyin təmin edilməsində rolu" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
SAM-ın direktoru Fərhad Məmmədov çıxışında ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki roluna toxunub.

"BMT Təhlükəsizlik Şurasında Azərbaycana dair qətnamələrin səsə qoyulmasının əslində münaqişələrin nizamlanmasında BMT-nin nə dərəcədə zəif olduğunu nümayiş etdirdirir"-deyən director vasitəçilərin mövqeyinə etiraz edib: "Yəni ATƏT-in üç həmsədr dövlətinin liderlərinin bir tərəfdən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının fəaliyyət səmərəsinin artırılması barədə danışmaları, digər tərəfdən isə Azərbaycanın işğal altında qalan ərazilərinin azad olunması haqqında dörd qətnamənin icrasına dair konkret addımlar atmamaları anlaşılmazlıq doğurmaya bilməz. Belə təəssürat yaranır ki, həmsədrlər nədənsə Ermənistanın maksimalist mövqeyinə qarşı iradlarını bildirmirlər. Əvəzində isə Azərbaycanın kompromis mövqeyi nəinki "ifrat tələblər" kimi təqdim olunur, üstəlik, ölkəmizdən əlavə güzəştlər də tələb edirlər".

F.Məmmədov həmçinin regional təhlükəsizlik və ABŞ-ın Cənubi Qafqaz siyasətinin Birləşmiş Ştatlardakı bəzi kiçik qrupların təsirindən asılı olmasının da narahatlıq doğuran məsələlər sırasında olduğunu bildirib: "Bu qruplar ABŞ-ın regionda məqsədyönlü və səmərəli xarici siyasət yürütməsini risk altında qoymaqdadır. Erməni diasporunun fəallığı üzündən ilk növbədə məhz ABŞ ziyan çəkib, bu ölkənin Azərbaycana səfir təyin etməsi məsələsi bir ildən də çox müddətə yubadılıb. Həmin səbəb Birləşmiş Ştatların Asiya və Avropa arasında nəqliyyat arteriyası olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə rəsmi yardım etməməsi ilə nəticələnib. Halbuki həmin xətt yüklərin Şərq-Qərb istiqamətində daşınmasında ən təhlükəsiz və operativ marşrut sayılır".

Regionun indiki durumunu normal saymayan SAM rəhbərinin sözlərinə görə, xaricdən təsir, təzyiq olmadan təhlükəsiz gələcəyin formalaşması üçün əlverişli şərait yaratmaq mümkün deyil: "ABŞ bu istiqamətdə lazımi qədər fəal deyil və münaqişənin həllinin yalnız iştirakçı tərəflərin iradəsindən asılı olması barədə bəyanatlar səsləndirir. Amerika Birləşmiş Ştatları dünyanın ən güclü dövləti olaraq münaqişənin nizamlanması prosesində əsas rol oynaya bilər. Əksinə ABŞ Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmaq məqsədilə 2 milyard dollardan çox vəsait ayırıb. Bu yardım ABŞ-ın Ermənistandakı maraqlarına təsiri varmı? Bu reallığı ABŞ-da başa düşmək istəmirlər. Bu kontekstdə Ermənistana göstərilən yardım birtərəfli və məqsədlidir. Digər tərəfdən Amerikanın təşəbbüsü və dəstəyi ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri də ABŞ-ın Cənubi Qafqaza dair qüsurlu və uzaqgörən olmayan siyasətinin təzahürüdür".

Gültəkin Qəhrəmanlı

AzNews.az