Baş redaktor saytı məhkəməyə verir – “Vəziyyət rüsvayçı həddədir”
11 Avqust 2015 20:01 (UTC+04:00)
Bu barədə AzNews.az-a E.Ərud özü məlumat verib. Bildirib ki, məhkəməyə müraciət etməsinin səbəbi sözügedən saytda onun haqqında təhqiramiz yazının dərc olunmasıdır.
Belə ki, bir neçə gün əvvəl "Qafqazinfo" saytı üzləşdiyi problemlə bağlı bəyanat yaymışdı. Bəyanatda bildirilirdi ki, "Qafqazinfo"nun adına oxşar sayt yaradılıb və həmin sayt rəhbərliyi adların oxşarlığından istifadə edərək "reket" fəaliyyəti ilə məşğul olmağa başlayıb. Hətta "Qafqaznews" adlı bir saytda gedən hansısa materiala görə dəfələrlə oxucular "Qafqazinfo"nun redaksiyasına gələrək ciddi etirazlarını bildiriblər.
Bu bəyanatdan sonra "Qafqaznews" saytı "Kasıbın saytının adı … Yaxud Elbrus Ərudun "ad problemi"" başlıqlı yazı dərc edib. Yazıda Elbrus Ərudun ünvanına təhqiramiz ifadələr işlədilib: "Mən bu yazıya görə həmin saytı məhkəməyə verirəm. Çünki onlar yaydığımız bəyanatdan sonra ölçü götürmək, fəaliyyətlərini düzəltmək əvəzinə, daha da əxlaqsız yola əl atdılar. Belə görünür ki, onlar hüquq müstəvisində cavab vermədikcə bu yoldan dönməyəcəklər".
E.Ərud bildirib ki, məhkəmədə iki iddia qaldırılacaq: "İddianın biri "Qafqazinfo"nun adından istifadə olunması ilə bağlıdır.
Digəri isə həmin saytda məni və saytımızı təhqir etmələri ilə bağlı məsələdir. Ölçü götürülməsini, təzminat verilməsini və həmin saytın fəaliyyətinin qadağan olunmasını tələb edəcəyik".
Baş direktor onu da əlavə edib ki, bu gün oxşar domendə xəbər saytlarının yaradılması ciddi problemlərə yol açır: "Bu sahədə ölkəmizdə vəziyyət çox rüsvayçı həddədir. Bütün tanınmış saytların domeninə oxşar saytlar yaradılıb və bu gün onların adından istifadə olunur, "reket"lik fəaliyyəti göstərilir. Bu isə ciddi saytların da işini təhlükə altında qoyur. Buna görə də adımızdan istifadə olunması, üstəlik təhqir olunmağımızla bağlı məsələnin üzərinə gedəcəyik, həll olunmayana kimi də dayanmayacağıq".
Qeyd edək ki, "Qafqazinfo" saytı bu məsələ ilə bağlı Mətbuat Şurasına, Respublika Prokurorluğuna, hüquq-mühafizə orqanlarına və Azərbaycanın jurnalist ictimaiyyətinə müraciət edib.
Xatırladaq ki, eyni problemlə "AzNews.az" saytı da üzləşib və saytımızın domeninə oxşar sayt (Aznews.info) yaradılıb.
Nigar