Nazir kredit sazişini imzaladı

19 Oktyabr 2012 11:30 (UTC+04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
KTN-dan AzNews.az-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında "İkinci Kənd İnvestisiya Layihəsi"nin maliyyələşməsinə dair Kredit Sazişinin imzalanması olub.

Görüşdə bildirilib ki, Azərbaycan ilə Dünya Bankı arasında kənd təsərrüfatı sektoru üzrə əməkdaşlığa 1996-cı ildən başlanılıb. Bu zaman ümumi dəyəri 28,2 milyon ABŞ dolları olan "Təsərrüfatların Özəlləşdirilməsi" Layihəsi tətbiq olunmağa başlanıb. Layihə 2001-ci ildə tamamlanıb. 2005-2008-ci illərdə "Kənd İnvestisiya Layihəsi"nin icrasına başlanılmış, 2009-cu ildə həmin layihəyə əlavə vəsait cəlb edilib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko Azərbaycanda olduğundan şərəf duyduğunu və imzalanacaq bu layihənin Azərbaycan üçün ən uğurlu layihə hesab etdiyini, kənd təsərrüfatının, kənd ərazilərinin inkişafına böyük töhvə verəcəyini və 1,5 milyon əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəyini, fəaliyyəti dövründə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əlaqələrin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Sonda Azərbaycan Hökuməti tərəfindən İsmət Abasov ilə Dünya Bankı tərəfindən xanım Larisa Leşçenko tərəfindən Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında "İkinci Kənd İnvestisiya Layihəsi"nin maliyyələşməsinə dair Kredit Sazişi imzalanıb.

İlkin Pirəli
AzNews.az