Ən təhlükəli qidalar barədə 10 fakt

19 Oktyabr 2012 18:45 (UTC+04:00)

Əgər siz arıqlamaq istəyirsinizsə, ağır dietaya oturmağa və bütün günü idman zalında keçirməyə dəyməz. Sadəcə zərərli qidaları rasionunuzdan çıxarsaz kifayət edər. Onların sayı da çox deyil.

1.Çipslər

Kartof özü-özlüyündə xeyirli ərzaqdır. Ancaq ondan hazırlanan çipslər barədə bunu demək olmaz. Çünki, çipslərin tərkibində aromatizatorlar və kimyəvi qatqılar, dad artırıcılar və yağ var ki, kartofda olan bütün xeyirli maddələri öldürür. Ona görə də çipslərdən vaxtaşırı istifadə çəki problemlərinə və digər problemlərə gətirib çıxara bilər. Yaddan çıxarmaq lazım deyil ki, eyni fikirlər "fri" yəni yağda qızardılmış kartofa da aiddir.

2.Qazlı sular

Siz bilirsiniz ki, qazlaşdırılmış və şirin sular zərərli olsalar da onlardan da zərərli rəngli qazlı sulardır? İnsanlar hesab edirlər ki, "fast-food" yəni "əlüstü yeməklər" ən yaxşısı bu içəcəklərlə yeyilməlidir. Əslində isə bu sadəcə satışı artırmaq üçün istifadə edilən metoddur. Qazlı və rəngli su insanın doyma hissini aradan qaldırır və siz doymadığınızı güman edib daha bir hamburqer yeyirsiniz. Bu da təbii ki, sizin çəkinizə təsir edir. Daha bir fakt isə koka-kola layt yəni şəkərsiz kolanın adi koladan daha zərərli olmasıdır. Çünki, koka-kola laytda şəkər əvəzləyicisindən istifadə olunur.

3.Əlüstü yeməklər

Tez və ucuz başa gəlməsindən başqa əlüstü yeməklərin hər hansı üstünlüyü yoxdur. Bu cür buterburodları özünüz tərəvəzlərdən, pendirdən və toyuqdan hazırlasanız daha xeyirli olar.

4. Mayonez

Mayonez barədə onu demək olar ki, əgər siz özünüz sadəcə mayonezdən istifadəni azaltsaz belinizin incəldiyini çılpaq gözlə belə görə biləcəksiniz. Burada söhbət təkcə mayonezdən yox, həm də ketçup və digər bənzər souslardan gedir. Çünki onların tərkibində dad gücləndiricilər, yağ və digər kimyəvi qatışıqlar var. Onun əvəzinə yağsız xamadan istifadə edə bilərsiniz. Həm xeyirli olar həm də dadlı.

5. Duz və şəkər

Onları həm də ağ ölüm adlandırırlar. Ona görə ki, duz bədəndən suyun xaric olmasına mane olur və bədənin lazımsız hissələrində depolayır. Şəkər isə arıqlamaq istəyənlərin bir nömrəli düşmənidir. Ancaq o da təbiidir ki, bu hər iki məhsulu tamamilə qida rasionundan çıxarmaq mümkün deyil. Sadəcə tərəvəzləri duz əlavə etmədən yeməyə alışmalısınız və bacardığınız qədər azaltmalısınız. Şəkəri isə daha xeyirli olan balla əvəzləyə bilərsiniz.

6. Alkoqol

Alkoqolun ziyanı haqında isə danışmağa dəyməz. Bunu hamı bilir. Əgər siz daimi olaraq həftədə bir dəfə alkoqoldan istifadə edirsinizsə, bu artıq alkoqolizm xəstəliyidir. Alkoqoldan imtinanın birinci yolu, ucuz alkoqoldan imtina etmək, ikincisi isə ətrafını dəyişməkdir.

7. Kolbasa və hisə verilmiş ərzaqlar

Yəqin ki, sizin heç biriniz kolbasa və sosislərin hansı ətdən və necə hazırlandığını bilmirsiniz. Bu cür məhsulların daha uzun müddət saxlanıla bilməsi üçün çoxlu duz, yağ, hisə vermədən istifadə olunur. Zaman keçdikdə isə onların qida dəyəri aşağı düşür və orqanizmə heç bir xeyri olmur. Onların tərkibində olan aromatizatorlar və dad gücləndiricilər öz təsirini itirmədiyindən siz yenə də onları alıb həvəslə yeyirsiniz. Bu cür məhsullardan uzaq durmanız məsləhətdir.

8. Qızardılmış yeməklər

Marqarin və günəbaxan yağı ilə qızardılmış yeməklərin tərkibindəki bütün xeyirli maddələr məhv olur. Bundan əlavə qızarma zamanı yeməyin tərkibindəki su yağla əvəzləndiyindən onun kalori dəyəri artır. Artıq kalori isə artıq çəki deməkdir.

9. Şirniyyatlar

Ən təhlükəli şirniyyatların başında, marmeladlar və çeynənilən konfetlər gəlir. Onlar tortlardan daha təhlükəlidirlər ona görə ki, tərkibində aromatizator və rəngləndiricilər daha çoxdur. Şirniyyat istəyirsinizsə, bal, qurudulmuş meyvə və acı şokoladdan istifadə edin

10. Ağ çörək

Təzə bulkalar və ağ çörək heç şübhəsiz dadlıdır ancaq onların tərkibində xeyirli heç nə yoxdur. Onun əvəzinə qarğıdalıdan hazırlanmış çörəkdən istifadə etsəniz sizin az dadlı olsa da daha xeyirli olar.

AzNews.az