Aşıq Telli: “Istedadım, savadım, səviyyəm kişiləri yandırıb, yaxır”

19 Oktyabr 2012 18:00 (UTC+04:00)


Aşıq Tellinin AzNews.az-müsahibəsi

- Şair Alqayıt deyir ki, "Telli keyfiyyətsiz qadındır. Mən onu "Deyişmə-3" layihəsindən qovmuşam"...

- Alqayıtın özü kimdir ki, Tellini də oradan qova. Məni özləri çağırıb. Layihənin rəhbəri var. Adama deyərlər ki, sən layihə rəhbərisən? Səni də mənim kimi ora qoyublar. Əvvala sən özün orada oturası deyilsən. Mən haradan yararlanmışam, haradan gəlmişəm bu göz qarşısındadır.

- Onun "müsabiqə Aşıq Tellinin sayəsində "öpüşmə"yə çevrilib fikri ilə necə, razısınız?

- Heç olmasa Alqayıt, sən danışma. Camaat danışanda sən sus. Sənin üçün bam-başqa şeylər yazdıraram. Belə açıqlamalardan mən də verərəm. Mən orada Alqayıtla görüşmədim. Ona zarafatyana cavab verdim ki, sən əlbəttə ki, mənim ola bilməzsən. Mənim öpüş göndərdiyim adamlar ayrıdır, sən ayrı. Axı sənin şəxsiyyətin nədir ki, özün nə olasan? Özün kimsən ki, bir Telliyə də nəsə deyəsən. Bilirsiniz, o müsabiqə necədir? Həftənin bir günü aparıcıyam, digər ikinci həftədə isə münsüflər heyətinin üzvüyəm. Mən bu müsabiqəyə dəvət olunanda təşkilatçıların qarşısında şərtlər qoydum.

- Hansı şərtlər?

- Dedim ki, mənim toylarım olur. Müsabiqəyə görə mən toylarımdan qalan deyiləm. Hansı günü toyum olsa həmin günü efirdə olmayacam. Yəni, mənim dolanışığım bundan çıxır. Onlar da razılaşdı. Dedilər ki, "təki sən bura gəl, bizim aramızda ol". Həm də birinci yarışmada İslam müəllim efirdən dedi ki, gələn dəfə Telli xanımı tam başqa bir formada görəcəksiniz. Indi Alqayıta bax. Sən bu səviyyəsiz danışıqların ilə xalqın gözündə yer tuta bilmədin. Bunu sənin özün də bilirsən. İkincisi də sən aşıq deyilsən. Şairsən, get şairliyini elə, şerini yaz. Sənin aşıqlıq sənətindən qəti başın çıxmır. Orada nə danışırlar, nə edirlər sən bunu bilmirsən. Orada bir iştirakçı var-"Qızqayıt". Alqayıt efirdə ona bir biədəb misal çəkdi. Bu heç sənin ağsaqqallığına yaraşar? Bu məsəl hamının narazılığına səbəb oldu. Bu nə danışıqdır? Bu nə hərəkətdir? O, mənimlə atışa bilməz. Alqayıt olmur, bir başqası olsun fərq etməz, Telli ilə atışmağa baş lazımdır. Bütün cahan yığılsa belə yenə də o, mənimlə atışa bilməz. Alqayıt heç düz əmməlli də şair deyir. Nə yazıb o? Ona ilişir, buna ilişir. Sən bir özün otur güzgünün qarşısında düşün ki, sən kimsən? Nə üçün yaşayırsan? Yazdıqların nədir? Onu təhqir edirsən, bunu təhqir edirsən. Harada oturursa Cığateli təhqir edir...

- Deyəsən, Sizdə bir sirr-xuda var. Aşıq Telli hansı məkanda olursa, orada qalmaqal, dava var...

- Varlı ağaca daş atarlar da. Bu yerdə Zəlimxanın bir sözü yada düşür. Demək mənim nəyimsə, istedadım, savadım, səviyyəm kişiləri yandırıb, yaxır. Alqayıt məni görəndə qarşımda beş qat əyilir. Deyir ki, "cədim haqqı hər yerdə səndən danışıram. Deyirəm ki, aşıqlıq sənətində Tellidən yoxdur. O, xanımın bu sənətlə bağlı baqajı var, çox bilir". İndi sən bir buna bax. Utanmadan arxamca danışır. Özü də mən ona bu nə müsahibədir, vermisən deyəndə oğlunu yüz dəfə öldürdü. "Oğlumun ölmüşünə mən sənin haqqında belə şey deməmişəm". Amma onun ünvanıma dediyi sözlərin səs yazısını dinləyəndə dəli oldum. Kişi də dediyi söz bir yana, özünü danar? Axı bu sənin səsindir! Mən onun cavabını bir başa efirdən verəcəm. Onda biləcək ki, Aşıq Tellini aparıcılıqdan qovan hələ anasından olmayıb.

- Sizcə şair dediyini niyə danır?

- Qorxusundan. Ola bilər ki, bu da artıq Tellini qısqanmağa başlayıb. Axı bizim kişilərdə qısqanclıq var... Bunu dana bilməzlər.

- Sənətkarlar bir-birinin üzünə tərif vurur. Elə ki, bir metr aralanırlar başlayırlar qeybətə. Hətta təhqirə də yol verənlər var...

- Bəli. Çox gülməli çıxır. Alqayıt, sən adının qarşısından o aşıq sözünü çıxart. Hələ düz-əməlli şairliyində yoxdur. Bir iki cızmaqara edirsən, deyirsən ki, dahisən. Sənin aşıqlıq sənətindən başın çıxa bilməz. Mənim bildiyim havaları sən heç vaxt bilə bilməzsən. Bir də ki, sən haradan, kimdən bəhrələnmisən? Gəl qoyaq ortaya, görək ki, kimin savad sarıdan çəkisi ağırdır. Mənim haradan bəhrələndiyimi bütün insanlar bilir. Elə Zəlimxanın özü də bunu yaxşı bilir.

- Alqayıt müəllim haradan, kimdən bəhrələnib?

- Bunu o, deməlidir. Başqasını təhqir edə bilər? Siz kimdən bəhrələnmisiniz? Və hansı aşıq sənətindən bəhrələnirsiniz?

- Deyirsiniz şair savadsızdır. Əgər onun asıq sənətindən savadı yoxdursa, "Deyişmə-3" müsabiqəsinin münsüflər heyətinin sədri kürsüsündə niyə oturub?

- Onu mən deyə bilmərəm. Amma mən ona bir hava deyərəm. Əgər bu onu bilsə, əllərimi qaldırıb deyərəm ki, "Alqayıt sən deyəndi". Hamısı məni gözügötürməməzlikdən irəli gəlir. Mən məəttəl qalmışam. Belə şeyləri eşidəndə dəli oluram. Bu kişilər niyə qadınlarla bəhs edir? Bir dəfə də belə bir söz olmuşdu. Demişdilər ki, qadından aşıq olmaz. Mən bilmirəm, bu kişi aşıqları qadınlardan nə istəyir?

- Sizcə kişilər qadınlardan nə istəyir?

- Nə olacaq, bədbəxtdirlər. Bilmirlər ki, aşıq sənəti bu günə kimi yaşayıb-yaradırsa bu məhz qadınların sayəsindədir. Ələlxüsuz da "Aşıq-Pəri məclisi"nin əməyi danılmazdır. Çox təəsüflər olsun ki, "Aşıq-Pəri məclisi"ni də bağladılar. Onu da Alqayıt kimi kişilər etdi.

- "Aşıq-Pəri məclisi" bərpa oluna bilməzmi?

- Yox, o mənlik deyil. Allah rəhmət eləsin, Narıncxatuna, indi məclis Gülarə xanımın adına keçirilib. Biz hazırda bu məclisin bərpasına çalışırıq. Pərvanə Zəngəzurlu var, o, çox çalışır ki, hansısa televiziyaya getsin, efir vaxtı alsın. Amma kimdir ona efir vaxtı verən. Hara getsən də sponsor olmalıdır. Pul olmasa efir vaxtı vermirlər.

- Bəs, Aşıq Zülfiyyə "Ozan"ı necə yaşadır?

- Birincisi "Ozan" Aşıq Zülfiyyənin verilişi deyil. O bir ozan məclisidir. Zülfiyyə isə bu məclisdə sadəcə, bir aparıcıdır. Heç olmasa bir kanalda aşıq sənəti təbliğ olunur. Amma belə verilişlər başqa kanallarda da olmalıdır. Elə ki biri iş görür düşürlər üstünə. Iş görən adamların da ayağından çəkirlər. Bu bizim kökümüz və adətimizdir. Bütün sənətlərdə, sahələrdə çəkişmələr var. Həmişə gücsüz güclüdən qorxur. Bu kişilər utanmadan özlərinə hay qatıblar ki, qadından aşıq ola bilməz. Mən bunu anlaya bilmirəm. Niyə qadından deputat, nazir ola bilir amma aşıq yox? Niyə Azərbaycan qadını sılaha sarılır, Qarabağa gedir, amma ondan aşıq ola bilmir? Niyə? Bu hansı kişinin uydurmasıdır? Məhəbbət dastanlarına baxın. Görün ki, bir tərəfli məhəbbət ola bilər? Əgər dastan təkcə kişilərdən ibarətdirsə onun nə gözəlliyi ola bilər? Orada xanım var ki, deyə bu dastanlar gözəldir? Bütun bunlar paxıllıqdan irəli gəlir, kişiləri məclislərə çağırmırlar. Bunlar da başlayır dedi-qoduya. Həsən Mirzəyevin bir sözü var. Dedi ki, "mən bu kişi aşıqlarını başa düşə bilmirəm. Bunlar qadınlardan nə istəyir?" Zəlimxan da deyir ki, "Siz qadın aşıqların üzərində dava salmayın, sənət göstərin". Dünyanın hansı bir ölkəsində "Aşıq-Pəri məclisi" kimi veriliş var? Alqayıt mənim adımın altında reklam olunmaq istəyr. Bu baş tutmayacaq. Siz çox bədbəxtsiniz. Yanıram ay millət, bu necə aşıqdır ki, Ələsgərin bir dodaqdəyməzini bilmədi. Axırda arxasınca danışdığı Telli durdu ayağa onu pis vəziyyətdən şıxardı. Kəkildəyə-kəkildəyə qalmışdın, dilin onda çıxardı da. Sən hansı sənətdən danışırsan, Alqayıt? İndi dilin varsa çıx Tellinin qarşısına. Görüm buna cəsarətin çatarmı?

Bahar Rüstəmli
AzNews.az