Həmyerlimiz Surqutda 3 məmuru güllələdi- YENİLƏNİB

19 Oktyabr 2012 18:35 (UTC+04:00)

Rusiya Federasiyasının Surqut şəhərində azərbaycanlı iş adamı Gülhəsən İsgəndərovun oğlunun güllələdiyi 3 yerli məmurun adları məlum olub.

Güllələnənlar şəhər administrasiyası bələdiyyə torpaq nəzarəti şöbəsinin rəisi Vladimir Çornonos, onun köməkçisi, şöbənin baş mütəxəssisi Ruslan Ayyupov və şöbənin aparıcı mütəxəssisi Aleksey Qadalindir. Nəticədə V.Çornonos hadisə yerində, R.Ayyupov xəstəxanada ölüb, A.Qadalin isə yaralanıb.

***

21:48

Surqut şəhərində azərbaycanlı iş adamı Gülhəsən İsgəndərovun oğlu 3 yerli məmuru güllələyib.

APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məmurlar G. İsgəndərovun şəhərdəki biznes obyektinə gələrək obyektin qanunsuz olduğu və dağıdılacağı haqda qərar göstəriblər. Yaranan mübahisə nəticəsində G. İsgəndərovun oğlu məmurlara tapançadan atəş açıb. Nəticədə onlardan biri hadisə yerində, digəri xəstəxanada ölüb, 1 nəfər yaralanıb. G. İsgəndərovun oğlu həbs edilib.

Yerli Azərbaycan diasporasından bildiriblər ki, məmurlar iş adamından 400 min rubl rüşvət tələb ediblər və ailə bu məbləği toplaya bilməyib. Onlar problemin həlli üçün dəfələrlə şəhər rəhbərliyinə müraciət etsələr də, buna məhəl qoyan olmayıb.

Şəhər meri Dmitri Popov sakinlərə müraciət edərək olayı milli münaqişə zəmininə keçirməməyə və şəhərdə sabitliyi qorumağa çağırıb.

AzNews.az