ABŞ-da təlimat məktubları üzə çıxdı

20 Oktyabr 2012 04:26 (UTC+04:00)
ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində dünyanın aparıcı media orqanlarında bu ölkənin böyük şirkətlərinin öz işçilərinə və yerli ofislərinə Respublikaçılar Partiyasının namizədi Mit Romniyə (Mitt Romney) səs vermələri ilə bağlı məktub və mesaj göndərmələri barədə xəbərlər dərc olunub.

APA-nın xəbərinə görə, ABŞ-ın "İn These Times" liberal siyasi jurnalına istinad edən "Forbes" jurnalı milyarder Devid (David H. Koch) və Çarlz Koxlara ( Charles G. Koch) məxsus "Koch Industries" holdinqin törəməsi olan "Georgia-Pacific LLC" şirkəti rəhbərliyi adından 45 min işçiyə seçkilərdə səs verilməsi təlimatı ilə bağlı göndərilən məktubu dərc edib.

Məktubda ABŞ-da gözlənilən prezident seçkilərində Mit Romniyə səs verilməsi barədə çağırış əksini tapıb. Böyük Britaniyanın "The Daily Mail" nəşri isə ABŞ-ın "Westgate Resorts" otellərinin sahibi və icraçı direktoru Devid Siqelin (David Sigel) işçilərinə ünvanladığı məktubundan sitat gətirib. Həmin sitat belədir: "Hazırkı Prezident Administrasiyasının növbəti ili də hakimiyyətdə qalması, sizin iş yerlərinizi təhlükə altına alır. Əgər Romni prezident seçkilərində qalib gələrsə, sizin öz iş yerlərinizdə qalma şansınız daha çox olacaq".

D. Siqel işçilərinə ünvanladığı məktubla bağlı "Bloomberg Businessweek" jurnalına verdiyi açıqlamada təkzib səsləndirməyib. O deyib ki, Barak Obama yenidən prezident seçiləcəyi təqdirdə onun şirkətinin iqtisadi durumu pisləşə bilər: " Ona görə də şirkətdə çalışan 7 min işçi bundan narahat olmalı, düzgün seçim etməli və şirkətin iqtisadi maraqları və gələcək fəaliyyəti naminə qarşıdakı prezident seçkilərində Respublikaçı Mit Romniyə səs verməlidirlər". D. Siqel onu da əlavə edib ki, növbəti seçkilərdə Obama qalib gələcəyi təqdirdə, o, şirkət rəhbərliyindən istefa verərək, təqaüdə çıxacaq.

ABŞ-ın "NBC" televiziyası da özünün "nbcnews.com" saytında "ASG Software Solutions" şirkətinin baş icraçı direktoru Artur Allenin (Arthur Allen) işçilərinə yazdığı elektron məktubun tam mətnini dərc edib. Bu məktub Allenin adından 1000 nəfərdən artıq şirkət əməkdaşına göndərilib. Məktubda qeyd olunub ki, Obama yenidən prezident seçilərsə, şirkətin xərclərində azalmalar, kütləvi ixtisarlar baş verə bilər və hətta şirkət öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşə bilər: "Bütün bunların baş verməməsi üçün isə yeni prezidentə səs vermək lazımdır".

Qeyd edək ki, sosial şəbəkələrdə və xəbərlərin qeyd olunduğu saytlarda bu çağırışlara sərt reaksiyalar verilib, baş verənlər seçicilərə təzyiq kimi qiymətləndirilib. Şərhlərdə bu çağırış mətnləri "federal cinayət, şirkət rəhbərlərinin işçilərinə ünvanladıqları təhdid" adlandırılıb.

Sosial şəbəkələrdə bu çağırışların ABŞ qanunvericiliyinə görə, cinayət hesab olunduğu, "bunun artıq ABŞ-da korporatizmin demokratiyanı kölgədə qoymasının" ifadəsi olduğu qeyd edilib və seçicilərə təzyiq kimi qiymətləndirilən çağırışlara görə həbslərə başlanılması barədə istəklər yer alıb.

AzNews.az