Vokalçıların II Beynəlxalq Müsabiqəsi başlayır

20 Oktyabr 2012 05:01 (UTC+04:00)
Oktyabr ayının 20-21-də Moskvanın "Krokus Siti Holl" konsert salonunda Vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müsabiqə ilə bağlı münsiflər heyətinin sədri, SSRİ Xalq artisti Tamara Sinyavskayanın və Müslüm Maqomayev adına Fondun təsisçisi Araz Ağalarovun mətbuat konfransı keçirilib.

T.Sinyavskaya bildirib ki, yarışmada 10 ölkədən-Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Almaniya, Koreya Xalq Demokratik Respublikası, Monqolustan, ABŞ, Özbəkistan və Ukraynadan 18 ifaçı iştirak edəcək: "Müsabiqə həm də ona görə unikal xarakter daşıyacaq ki, burada vokalçılar öz istedad və bacarıqlarını həm klassik, həm də estrada repertuarının ifasında göstərməlidirlər. Bundan başqa, iştirakçıların ifa edəcəyi proqram təkrar olunmayacaq. Birinci gün vokalçılar opera və estrada əsərlərini, ikinci gün isə SSRİ Xalq artisti Müslüm Maqomayevin repertuarından əsərlər ifa edəcəklər".

Araz Ağalarov bildirib ki, müsabiqəyə 230 ərizə verilib və son dərəcə ciddi seçim olub: "Müsabiqə maraqlı olacaq, çünki bərabər imkanlar şəraitində ən yaxşı ifaçı qalib gələcək".

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Rusiya, Azərbaycan, İtaliya və Latviyadan görkəmli incəsənət xadimləri, musiqiçilər yer alıb. Onların arasında xalq artisti Fərhad Bədəlbəyli də var.

Bahar Rüstəmli
AzNews.az